Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasınəın vaxtı məlum olub.
Siyasətinfo xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 12-nə təyin olunub.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərəfindən saxlanılıb
Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərov ilə əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.