Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Xalqımızın milli kimliyinin təcəssümünə çevrilən Qanlı Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi olmuşdur. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Siyasetinfo xəbər verir ki, bu 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Millət vəkili bildirib ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə edilmişdir. Qanlı 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
Qanlı Yanvar hadisələrinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir.
1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur. Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır.
Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il onların əziz xatirəsini ehtiramla yad edir. Onu da qeyd etməliyik ki, ölkə Başçısının müvafiq Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilmişdir. Bu Fərman bir daha onu göstərir ki, Azərbaycan dövləti 20 Yanvar şəhidlərinizin əziz xatirəsini hər zaman uca tutur, onların ailələrini baş tacı edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Millət vəkili Tamam Cəfərova belə deyib.