Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Yanvarın 16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifənin açılması baxımından əhəmiyyətlidir. Eyni zamanda bu iki ölkə arasında alternativ enerji sferası həmçinin əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addımın göstəricisidir.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.
Komitə sədri qeyd edib ki, ölkə başçısının Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında ikitərəfli əməkdaşlıq əlaqələrin möhkəmliyini və ölkələr arasında münasibətlərin strateji əhəmiyyətinin göstəricisidir: “Mərasimdə çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın qaz, neft, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji ixracatçısı kimi möhkəmlənən inkişaf mövqeyindən geniş bəhs etdi. Meqa enerji layihəsindən xüsusi olaraq bəhs edilib. danışıb. Vurğulanıb ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Artıq Azərbaycandan Cənubi Avropaya gedən uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəmərləri sistemi qurulub. Bugünki geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücünə malik “Qaradağ” günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarına və sazişlərə əsasən 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanında olacaq”.
Millət vəkili bildirib ki, Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır: “Bu isə Avropa bazarıdır. Danılmaz olan bu həqiqət də məlumdur ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Nəzərdə tutulmuş plan odur ki, Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkilsin. Azərbaycanın enerji istehsalı, ixracı, daşınması sahəsində qazandığı uğurlar hamıya məlumdur. Avropa Komissiyası prezidentinin şahidliyi ilə imzalanmış Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” sazişi nümunə kimi göstərilə bilər”.
Deputat deyib ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır: “Bu dəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir”.
Hicran Hüseynova hesab edir ki, Azərbaycanla Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr arasında ikitərəfli əməkdaşlığa da xüsusi önəm verilir: “Bu baxımdan da, Prezident İlham Əliyevin beynəlxalq tədbirə dəvət olunması Azərbaycanın müsəlman və türk dünyasındakı roluna, regional əhəmiyyətinə verilən qiymətdir”.