Azərbaycana qarşı Ermənistan tərəfinin işğal siyasəti bitməyib. 30 il ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazilərinin 20 faizini işğalda saxlayan, soyqırım və etnik təmizləmə aparan, vandallıq və barbarlıq aktları icra edən Ermənistan hələ də köhnə ab-havadan qurtula bilmir. Azərbaycan ərazilərində 30 ildən artıq separatizmi dəstəkləyən, BMT Nizamnaməsinə və Təşkilatın Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrə əməl etməyən Ermənistan özünün təcavüzkar mahiyyətini növbəti dəfə biruzə verir.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamaları onların çirkin niyyətinin növbəti təzahürü idi: “Görünən odur ki, Ermənistandakı qüvvələr Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vurur. Sözsüz ki, Azərbaycanın suverenliyini heçə sayan bu cür yanaşmalar qətiyyətlə rədd edilir. Əslində Ermənistan hakimiyyəti və orada olan dağıdıcı qüvvələr Qərbi Azərbaycanlıların qayıdış hüqüqunu danmamalıdır. Hansısa bir qondarma rejimin yenidən Azərbaycan ərazisində mövcudluğunu birdəfəlik unutmalıdırlar”.
Təftiş Komissiyasının üzvü hesab edir ki, Qərbi Azərbaycanlıların pozulmuş hüquqları bərpa edilməli, onlar öz tarixi ata-baba ocaqlarına qayıdışı təmin olunmalıdır: “Məhz haqlı olaraq Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Amma Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımları atır. Reallıq odur ki, Qərbi Azərbaycan İcması Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmir”.
Məlahət İbrahimqızı bildirib ki, II Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycanın suveren ərazilərində fəaliyyətinə birdəfəlik son qoyulmuş qondarma rejim özünün İrəvanda “mühacir hökuməti” kimi qələmə verir: “Ermənistan hakimiyyəti isə növbəti dəfə Azərbaycanın daxili işlərinə qarışan, ərazi bütövlüyü və suverenliyinə açıq təhdid olan bu məsələyə loyal yanaşır. Sözsüz ki, Ermənistanda separatçı rejimin tör-töküntülərinin belə rahat fəaliyyət göstərməsi qəbul edilən hal deyil. Qərbi Azərbaycan icması haqlı olaraq tələb edir ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəksin. Əgər bu yanlış siyasət davam edəcəksə, İcmanın atacağı addımlar da adekvat olacaq. Bu xüsusda Qərbi Azərbaycan İcması da mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlaya bilər. Hətta yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciətin də ünvanlanması mümkündür. Ona görə də, Ermənistan hakimiyyəti öz sərhədləri daxilində belə Azərbaycan suverenliyinə, ərazi bütövlüyünüə təhdid və təhlükə yaradacaq addımlardan birdəfəlik əl çəkməli, özünün konstitusiyasında və digər qanunverici aktlarında ölkəmizə qarşı yönələn əsassız ərazi iddialarını əks etdirən müddəaları tez bir zamanda aradan qaldırıb sülh müstəvisində konkret addımlar atmalıdır. Bunun əksinə olacaq hər bir addım Ermənistan üçün acı sonluğa gətirib çıxaracaq”.