Azərbaycan-Tacikistan münasibətləri iki ölkə arasında əlaqələrin yüksəldilməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm önəm kəsb edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi kontekstində vacib rol oynayır: “Mərkəzi Asiya ölkələrindən, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Azərbaycan ərazisindən həyata keçirilir. Sözsüz ki, bu amil ölkəmizə olan marağı və dövlətimizin rolunu daha da artırır”.
Deputat bildirib ki. Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri məhz bu xüsusda mühüm əhəmiyyətə malikdir: “Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar Prezident İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanatında vacib məsələlərdən bəhs edilib. Prezident İlham Əliyev sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret hədəflərdən söz açıb. Vurğulanıb ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb və Strateji Tərəfdaşlıq Bəyannaməsində bu açıq şəkildə ifadə olunub. Eyni zamanda Azərbaycanla Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb”.
Millət vəkili hesab edir ki, imzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli dərəcədə möhkəmləndirmiş olur: “İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsinin ikitərəfli münasibətlərdə mühüm hadisə olacağını bildirib. Eyni zamanda iki ölkə arasında nəqliyyat sektorunda əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihə olduğunu qeyd edilib”.
Məlahət İbrahimqızı Azərbaycan ərazisində bütün iri nəqliyyat və logistika layihələrinin praktiki olaraq başa çatdığı, Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba böyük həcmdə yükləri qəbul etməyə hazır olması da dövlət başçılarının bəyanatında qeyd edildiyini söyləyib: “Bu gün iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün dövlət başçıları səviyyəsində siyasi iradə var. Təbi ki, bu cür yükəsk səviyyəli münasibətlər xalqlarımızın rifahının daha da yüksəldilməsində mühüm töhvə hesab edilir”.