Artıq işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış konsepsiyasına uyğun olaraq keçmiş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin edilir. Vətən müharibəsindən ötən qısa zaman kəsiyində Azərbaycan dövləti öz gücü və imkanları ilə heç bir kənar dəstək olmadan 30 ilə yaxın Ermənistan tərəfindən işğal dövründə viran qoyulan, daşı-daş üstündə qalmayan ərazilərimizi, yaşayış məntəqələrini bərpa edir. Məhz Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Şuşa şəhərinin əzəli sakinlərinin bir qrupunun ata-baba ocaqlarına dönüşü təmin edilib. Bu sözsüz ki, müasir tariximizdə olduqca əlamətdar qürurverici hadisə idi. Prezident İlham Əliyev də 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşündə bu tarixi məqamlardan bəhs etdi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, öz doğma torpaqlarına geri dönən şuşalılarla söhbətində cənab Prezident İlham Əliyev tarixi hadisə münasibəti ilə səmimi fikirlərini bölüşdü: “Vurğulandı ki, 32 ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Cənab Prezident bildirdi ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bu Azərbaycan xalqı qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. Xalqımız özünün pozulmuş fundamental hüquqlarını döyüş meydanında bərpa edib. Şəhərlərimiz, kəndlərimiz qan tökərək, şəhidlər verərək azad olundu. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdülər. Amma bu belə olmadı və ola da bilməzdi. Azərbaycan xalqı ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. Qalib Azərbaycan xalqı bundan sonra əbədi olaraq bu tarixi Zəfərlə fəxr edəcək”.
Millət vəkili bildirib ki, 44 günlük müharibənin sonlarına yaxın yəni, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə oldu: “Çünki Şuşa xalqımızın əyilməz ruhunun rəmzidir. Cənab Prezidentin də qeyd etdiyi kimi “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın ərazisi üzərində suverenliyinin tam bərpası ilə başa çatdı. Bu gün azad edilmiş bütün tarixi torpaqlarımızda olduğu kimi Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar bir hadisə idi. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda da böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Eyni zamanda xüsusi olaraq Şuşanın tarixi abidələrinin bərpası həyata keçirilir. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Ölkəmizin başçısı da görülən işlərlə yanaşı qeyd edib ki, “Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur”. Bütün bu addımlar məhz Şuşanın dirçəldilməsinə, onun tarixi görkəminin bərpasına yönəlib”.
Deputat həyata keçirilən genişmiqyaslı və proqram xarakterli işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yenidən dünyanın ən gözəl güşələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib: “Bütün bunlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasi strategiya sayəsində nail olunur. Məhz Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Çünki yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvələrində hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Belə bir şəaitdə alınmaz qala hesab edilən Şuşanı müdafiə etməyə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyünün cəsarəti çatmamışdı. Bu gün də həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinə bilmir. Əksinə ermənilərlə əlbir olub tarixi qələbəmizə kölgə salmağa can atır. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz zəmin yaratdı. Vətən müharibəsindən və ötən il həyata keçirilən bir günlük aniterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Məhz indiki halda həyata keçirilən delimitasiya, demarkasiya qalib Azərbaycanın şərtləri əsasında həyata keçirilir ki, bu da növbəti zəfərdir”.
Sevinc Hüseynova ölkə başçısının Şuşada bir daha Azərbaycanın heç vaxt müharibə tərəfdarı oldmadığı mesajının diqqət çəkdiyini söyləyib: “Sadəcə olaraq keçmiş ATƏT-in Minsk Qrupunun 28 ildə fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlmişdi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Çünki məsələni həll etmək istəmirdilər. Cənab Prezidentin də vurğuladığı kimi “onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin”. Ona gör də, regionda yenidən gərginliyin yaranmasında maraqlı olan qüvvələr o cümlədən Fransa və Amerika kimi ölkələr Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir prosesin reallaşmasının mümkün olmayacağını yəqin etməlidir. Məhz bu kontekstdə ölkə başçısı da qeyd etdi ki, “hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. Eyni zamanda bir daha Ermənistana və ona havadarlıq edən Fransaya da konkret mesajlar verildi, revanşistlərə xəbərdarlıq olundu. Güclü, qalib Azərbaycanın bütün prosesləri diqqətlə izlədiyi, istənilən təhdidə qarşı daha sərt adekvat addım atacağı bir daha bəyan edildi”.