Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutub. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları, iki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə müzakirələr aparılıb. Eyni zamanda danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu dəfəki Brüssel görüşündə əvvəlki görüşlərdən fərqli olaraq müzakirə edilən məsələlər sırasında Qərbi Azərbaycan İcması məsələsinin yer alması mühüm önəm kəsb edir: “Sözsüz ki, Qərbi Azərbaycan İcmasının Brüssel görüşünün gündəliyinə salınması Prezident İlham Əliyev diplomatiyasının növbəti uğurudur. Bildiyimiz kimi, belə görüşlərdə adətən müzakirə edilən mövzular iştirak edən bütün tərəflərlə razılaşdırılır. Bu gün erməni radikal millətçilərinin, dünya erməni diasporunun ən çox narahat olduğu məsələlərdən biri Qərbi Azərbaycanlıların cəmləşdiyi Qərbi Azərbaycan İcmasının qəbul etdiyi sülh və ləyaqətli şəkildə tarixi torpaqlara Qayıdış Konsepsiyasının məqsəd və hədəfləridir. Ona görə də son Brussel görüşü diplomatiyamızın post müharibə dövründə qazanılan ən böyük uğurlardan biri hesab edilir”.
Millət vəkilinə görə, rəsmi İrəvan və eləcə də ermənipərəst Avropa strukturları heç vaxt istəməz ki, bu görüşlər çərçivəsində gündəliyə yeni məsələ daxil edilsin: “Beynəlxalq təşkilatlar çox gözəl bilir ki, ermənilər kənar güclər tərəfindən Qərbi Azərbaycana son iki yüz ildə gətirilib. Bu mənada Qərbi Azərbaycan İcmasının Brüssel danışıqlarının gündəliyinə daxil edilməsi tarixi uğur olmaqla bərabər, Qərbi Azərbaycanlıların geri qayıdış mübarizəsinə yeni stimul və ruh vermiş oldu. Bu uğura görə cənab Prezident möhtərəm İlham Əliyevə QAİ-nın Qadınlar Şurası adından təşəkkür edirəm”.
Deputat bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair bəyanatında budəfəki müzakirələrin daha əhatəli olduğunu açıqlayıb: “Tərəflər arasında baş tutan sayca 6-cı görüşün əsas uğurlarından biri ərazi bütövlüyü məsələsinə sadiqliklə bağlıdır. Ermənistanın baş naziri bu görüşdə də Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini növbəti dəfə tanıdığını bəyan etdi. Eyni zamanda burada delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə sadiqliyin elan edilməsi də mühüm önəm kəsb edir. Sözsüz ki, separatçıları ən çox hiddətləndirən məsələ bu idi. Müqəddəratını təyinetmə ilə bağlı hələ də əsassız iddialar səslənsə də son Brüssel müzakirələrində bu məsələ gündəmə gətirilmədi. Çünki Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir və separatçıların mövqeyi danışıqlar mövzusu ola bilməz”.
Məlahət İbrahimqızı hesab edir ki, Brüssel görüşündə kommunikasiyaların açılması istiqamətdə müsbət dinamika qeydə alınıb: “Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başlamaq üçün maliyyə töhfəsi verməyə hazır olduğunu bəyan edib. Bu isə Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanlarını sıfıra endirir”.