“44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmizin qarşısında yeni hədəflər qoyub. Bu hədəflər həmçinin, ölkədə bütün sahələrdə yeniləşməni ehtiva edir”.
Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, siyasi sistemdə yenilik, dialoq mühitinin inkişaf etdirilməsi yeni dövrün çağrışlarından biridir: “Siyasi partiyalar haqqında” yeni qanun da həm siyasi təşkilatların təşmilləşməsinə, güclənməsinə, həm də siyasi qüvvələr arasında sağlam dialoqa öz töhfəsini verəcək”.
Millət vəkilinin sözlərinə görə yeniləşmə Yeni Azərbaycan Partiyasının adında və fəaliyyətində hər zaman əks olunub: “Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını “Dünənin, bu günün, sabahın partiyası” adlandırmışdır. Bu gün də YAP yeniləşir, gəncləşir. Heydər Əliyev siyasi ənənələri cənab Prezident İlham Əliyevin YAP-a sədrliyi dövründə də uğurla davam etdirilir. Cənab Prezident zaman-zaman siyasi dialoq təşəbbüsləri ilə çıxış edib. Prezidentin “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” sözləri bu gün də aktuallığını qorumaqdadır”.
“Siyasi partiyalar haqqında” yeni Qanunla bağlı ifadə olunan narazılıqlara münasibət bildirən A.Məmmədov qeyd edib ki, narazılıq edənlər sağlam rəqabətdən qaçanlardır: “Yeni qanun yalançı statistikanı ortadan qaldırır. Real üzv sayı tələb edir. Bu isə özünü güclü partiya adlandıran bəzi qurumların işini çətinə salıb. Bu baxımdan, yeni qanuna qarşı “səlib yürüşü” həyata keçirirlər. Bu gün Azərbaycan ictimai mühitində, eləcə də, parlamentdə çoxpartiyalı siyasi sistem mövcuddur. Siyasi partiyalar arasında dialoq mühiti xüsusilə, son illər daha ciddi xarakter alıb. Fərqli mövqelərə baxmayaraq siyasi partiyaların arasında dialoq mühitinin yaradılması və davam etdirilməsində YAP-ın hazırkı yanaşmalarının rolu danılmazdır. YAP hakim partiya olsa da, digər siyasi qurumlara hörmətlə yanaşır. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir”.
Millət vəkilinin sözlərinə görə müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı siyasi diqaloq üçün ortaq mövzulardır: “Ölkəmizin gələcək inkiafına xidmət edən siyasi dialoq platformalarının yaradııması siyasi partiyaların dövlətçilik ideyaları ətrafında birləşməsinə əhəmiyyətli təsir göstərəcək.