Etnik, dil, tarix baxımından bir-birinə bağlı olan dövlətlərin indiki həssas dövrdə birlik nümayiş etdirməsi olduqca önəmlidir. Bu yeni düzəndə türk toplumuna, tarixinə olan yanaşmaların kökündən dəyişməsini tələbə edən bir gerçəklikdir. Bu baxımdan da Türk Dövlətləri Təşkilatı artıq özünün xarakteri və ortaya qoymuş olduğu mövqeyi ilə beynəlxalq münasibətlər sisteminə təsir imkanlarını, güc faktorunu səciyyələndirir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O hesab edir ki, birmənalı olaraq Azərbaycan türk dövlətlərinin təşkilatlanmasında vahid bir gücə, yumruğa çevrilməsində xüsusi rola və çəkiyə malikdir: “Türk Dövlətləri Təşkiları yeni çağırışları özünün başlıca prinsipi kimi qəbul edib. Təbii ki, təşkilatın qlobal müstəvidə rolu və yeri davamlı olaraq möhkəmlənəcək. Bunu təmin edən bir sıra vacib təbii amillər mövcuddur. Çünki Bu təşkilatda təmsil olunan dövlətlərin bir-birinə tarixi dəyərlər kontekstində, sarsılmaz milli köklər müstəvisində bağlılığı var. Ona görə də, TDT-nin qısa zamanda özünün mövcudluğunu qəbul etdirməsi qlobal proseslərdə təsiredici güc kimi çıxış etməsi, heç də təsadüfən deyil”.
Deputat Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsinin tarixi bir dövrə təsadüf etdiyini söyləyib: “Qardaş Türkiyədə baş verən zəlzələ səbəbindən on minlərlə qardaşımız həlak olub, yüz minlərlə yaralımız var. Qardaşlarımız çətin bir durumla üzləşib. Sözsüz ki, bununla bağlı yardıma ilk gedən ölkə Azərbaycan oldu. Azərbaycan dövləti, xalqımız sanki bu zəlzələdə öz evlərimizdə olubmuş kimi davrandı. Sadə insanlarımız belə evlərində-eşiklərində olan əşyalarını qardaşlarının ehtiyaclarının qarşılanması üçün göndərdi. Bu eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının növbəti dəfə açıq bir təzahürü idi. Azərbaycan Prezidenti qardaş ölkədə baş verən bu dəhşətli zəlzələdən bəsh edərkən bildirib ki, “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu amil bir daha Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu göstərir. Bütün bunlar Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminin əməldə təsdiqi kimi də izah oluna bilər”.
Millət vəkilinə görə, Fövqəladə Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini xüsusi vurğulayıb: “Prezident İlham Əliyevin bildirdiyi kimi Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçib, Artıq qardaş ölkə dünyada söz sahibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Dövlətimizin başçısı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini bildirib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Ölkəmizin başçısı Ermənistanın Zəngəzur dəhlizinin açılması və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini icra etməkdən boyun qaçırdığını da söyləyib. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Dövlətimizin başçısı qeyd etdi ki, “Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”. Məhz Azərbaycan-Türkiyə qardaşlığının bu mərhələdə dəd özünün göstərir”.
Məlahət İbrahimqızı artıq türk birliyinin qlobal gücə çevrildiyini bildirib: “Bu amil qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zəruri edəcək. Azərbaycan və Türkiyənin başlatmış olduğu bu tarixi konsepsiya nəticəsində bu güc, birlik reallığa çevrilir. TDT-nin Fövqəladə Zirvə Görüşündə qəbul olunan Ankara Bəyannaməsinin müddəaları, eləcə də digər qərarlar bu tarixi, strateji hədəflərin əsas istiqamətlərinin müəyyənləməsi baxımından vacib bir yol xəritəsi hesab edilir”.