Fevralın ayının 27-də Millət vəkili Tamam Cəfərova Azərbaycan Dillər Universitetində Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa və Kuba hökumətini təmsil edən nümayəndə heyəti ilə görüşdə iştirak etdi.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, pandemiya dövründə Kuba Respublikasının iki həkim qrupundan ibarət heyətinin Azərbaycana göndərilməsi iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin ən bariz nümunəsidir.
Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa səmimi sözlərə və isti qarşılanmaya görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, Kuba və Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətləri var. Bu münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir. Təhsil və elm sahəsində də münasibətlərin inkişafında xüsusi irəliləyiş var.
Kubanın Səhiyyə naziri Xose Miranda ADU-da olmaqdan məmnun olduğunu bildirib və görüşün əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, Kuba dünyada səhiyyə işçilərinin sayına görə öndə olan ölkələrdən biridir. Azərbaycanla əməkdaşlıq baxımından bu istiqamətdə bir sıra vacib addımlar atılmaqdadır.
Məlumat üçün bildiririk ki, Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasda iştirak etmək üçün Azərbaycanda səfərdədir.