Azərbaycan Respublikasının Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə illik Məlumat büdcəsi haqqında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib.
Siyasetinfo həmin çıxışı təqdim edir:
Hörmətli xanım sədr! Hörmətli Vilayət müəllim! Hörmətli həmkarlar ! Hörmətli media nümayəndələri!
Gündəlikdə olan 2-ci məsələ “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə illik Məruzə” həmişə olduğu kimi ətraflı tərtib olunmuşdur. Sənəddə bələdiyyələrin fəaliyyəti, həyata keçirilən tədbirlər haqqında məlumat verilmişdir. Eyni zamanda, bələdiyyələrin fəaliyyətində yaranmış neqativ hallar, bununla bağlı görülmüş tədbirlər də öz əksini tapmışdır. Mən fürsətdən istifadə edib, belə bir obyektiv şəkildə Məruzə hazırlayan Ədliyyə nazirliyinə təşəkkür edirəm.
Qısa olaraq bəzi fikirlərimi səsləndirmək istəyirəm:
Hamıya məlumdur ki, bələdiyyə icmaya ən yaxın olan idarəetmə orqanıdır. Bələdiyyələrin fəaliyyət səviyyəsinin artırılması ilə yerlərdə bir çox məsələlər həll edilə bilər. Buna görə də ilk növbədə, bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün bu qurumun üzvlərinin və əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılmasına ehtiyac vardır.
Digər bir məsələ isə, maliyyə vəsaitlərinin xərclənməsidir. Əlbəttə ki, burada vacib məsələ ayrılmış vəsaitin və digər resursların nəticə əsaslı istifadə olunmasıdır. Əgər icma və dövlət bunun nəticələrini görərsə, faydalanarsa onun imkanları da çoxalacaqdır. O cümlədən vətəndaşların bələdiyyələrə inamı da olacaqdır.
Mən çox sevinirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bələdiyyələrdə gender komissiyalarının yaradılmışdır. Bu əlbəttə ki, yerli səviyyədə gender bərabərliyinin təmin olunmasına böyük dəstəkdir. Müsbət hallardan biri də bir sıra bələdiyyələrdə məşiət zorakılığından əziyyət çəkənlər üçün qaynar xəttin yaradılmasıdır. Bu sahədə işi daha da gücləndirmək lazımdır. Xüsusi ilə sığnacaqların yaranması, hüquqi və psixoloji xidmətin təşkil edilməsi həmin fəaliyyətin tərkib hissəsi olmalıdır. Biz digər ölkələrin təcrübəsində bunu aydın şəkildə görürük. Məsələn, Türkiyənin bu istiqamətdə çox yaxşı təcrübəsi vardır. Mən təklif edərdim ki, gələcəkdə məhz bu sahədə bələdiyyələrin təcrübə mübadiləsi aparılsın.
Bütövlükdə, mən də Məruzəni əhatəli hazırlanmış sənəd hesab edirəm, ona səs verəcəyəm.
Diqqətinizə görə minnətdaram!