Bu gün bütün dünya qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin acısını yaşayır. Sözsüz ki, Azərbaycan da qardaş ölkədə baş verən bu təbii fəlakəti özünün ağrısı, dərdi fəlakəti kimi qəbul edir. Fevralın 6-dan yəni, zəlzələ baş verən andan Azərbaycan dövləti və xalqı qardaş ölkənin, oradakı qardaş və bacılarımızın balalarımızın, əzizlərimizin, doğmalarımızın yanında olduğunu bəyan edib. Azərbaycanda insanlar imkanında asılı olmayaraq hər kəs qardaş ölkədə baş vermiş fəlakət və bunun nəticəsində qışın soyuğunda, qarında çöldə qalmış, çarəsiz insanlara yardım etmək üçün səfərbər olub.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan-Türkiyə birliyinin bütün dünya üçün örnək olduğunun hər kəs bir daha şahidi oldu: “Çünki Azərbaycan və Türkiyə ən çətin anlarında sevincli günlərində hər zaman bir-birinin yanındadır. Sözsüz ki, bu gün bizim bu birliyimizə qısqanclıqla yanaşanlar da var. Amma bunlar əhəmiyyətsizdir. Bizim qəlbimiz qardaşlarımızla birgə döyünür. Onların ağrıları bizim ağrılarımızdır. XX əsrin əvvəllərində qardaş Türkiyənin ən ağır dönəmlərində Azərbaycan xalqı onun yanında olub. Eyni zamanda Azərbaycanın ən çətin və sıxıntılı günlərində biz qardaş Türkiyəni ilk andaca yanımızda görmüşük. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi bu gün bir daha özünün əyani təzahürünü tapmış olur. Mustafa Kamal Atatürkün “Azərbaycanın acısı bizim acımız, sevinci bizim sevincimizdir” vurğusu bu günki və gələcək nəsil üçün müəyyənləşdirilmiş mənəvi bir mirasdır”.
Deputat deyib ki, Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığına vermiş olduğu dəyər hər bir azərbaycanlı üçün örnəkdir: “44 günlük Vətən Müharibəsində də biz bu örnəyin bariz nümunəsini görmüş olduq: “Məhz Vətən Müharibəsinə hər bir Türkiyə vətəndaşı Azərbaycan xalqı ilə bir yumruq oldu. Qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı Prezident İlham Əliyev Türkiyə səfirliyində olarkən səsləndirdiyi fikirlər bundan sonrakı fəaliyyətimiz, hər bir soydaşımız üçün yol xəritəsi oldu. Ölkə başçısı vurğuladı ki, Azərbaycan-Türkiyə bir ürək, bir candır”.
Məlahət İbrahimqızı bildirib ki, birinci-vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının qardaş Türkiyəyə olan dəstəyinə görə öz təşəkkürü bildirməsi xüsusi önəm kəsb edir: “Çox hörmətli Mehriban xanın Əliyeva azərbaycanlı olmağımızla fəxr etdiyini vurğulayıb. Sözsüz ki, bu gün də bizim qardaş ölkəyə dəstəyimiz davam edir. Dövlətimizin, ölkə başçısının qardaş ölkəyə olan diqqəti və qayğısı, göndərilmiş yardımlar fonunda Mehriban xanın Əliyevinın bu məqamda xüsusi həssaslıqla məsələyə yanaşması Onun yüksək mənəvi xüsusiyyətləri ilə yanaşı milli təəsübkeşliyinin əyani təzahürüdür. Artıq Heydər Əliyev Fondu tərəfindən qardaş ölkədə ehtiyac olan zəruru ləvazimatlar göndərilir. Bu yardımlar qardaş Türkiyədə bütün yaralar sağalana qədər davam edəcək. Qardaş Türkiyə tezliklə bu yaralarını sağaldacaq. Biz qardaş və bacılarımızn yanındayıq. İnşallah ki, bərabər şəkildə bütün çətinliklərin öhdəsindən gələcəyik. Allah türk millətini, dövlətlərimizi qorusun”.