Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən qanlı terror hücumunun üzərindən bir həftə vaxt keçməsinə baxmayaraq cinayət işi üzrə konkret araşdırma aparılmır. İran rejimi qanlı terrorda əli olan şəxsi bu və ya digər formada prosesdən uzaqlaşdırmağa çalışır. Çünki qanlı cinayətin motivlərinin tam araşdırılması İranın terror mahiyyətinin ifşası olacaq.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun fikrincə, həmin terror hadisəsinin ilk günündən görünürdü ki, bu cinayətin arxasında İranın xüsusi xidmət orqanları dayanır: “Çünki onlar terrorçunu mətbuata çıxararaq hadisənin məişət zəminində baş verdiyini qeyd etdilər. Daha sonra isə İran tərəfi bunu rəsmi qaydada təsdiqləmiş oldu. Hazırda isə cani Tehran rejimi tərəfindən ruhi xəstəxanaya yerləşdirilib. Amma terror hücumu ilə bağlı yayılan görüntülərə baxarkən həmin şəxsin tam anlaqlı, məqsədli şəkildə bu aktı həyata keçirdiyini müşahidə etmək olur. “Hücum” zamanı terrorçu əlində silah səfirliyin önündə dayan İran polisini də salamlayır və bunun ardınca həmin qanlı cinayəti törədir. Məhz bu fakt da onu göstərir ki, qanlı hücum planlaşdırılmış terror aktı olub”.
Deputat deyib ki, əslində bu qanlı terror olayı İranın da Ermənistan kimi Azərbaycana qarşı olan düşmən münasibətinin göstəricisi hesab edilir: “Məhz bu qanlı terrorun nəticəsi olaraq Azərbaycan dövləti Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılmasına qərar verib. Çünki İran Vyana Konvensiyasında təsbiq edilmiş diplomatik şəxslərin və diplomatik korpusların qorunması haqqında beynəlxalq qaydaları kobud şəkildə pozub. Tehran rejimi öz ərazisində diplomatların təhlükəsiz fəaliyyətinə zəmin yarada bilməyib. Əslində isə bu terror hadisəsinin törədilməsində İranın xüsusi xidmət orqanlarının qanlı əllərinin olduğuna heç bir şübhə yeri qalmayıb. Əgər belə olmasaydı səfirliyimizdə baş vermiş terror hadisəsi ilə bağlı cinayət işinin araşdırılmasına başlanılardı. Hətta İran bu qanlı hadisəni Azərbaycan tərəfi ilə birlikdə araşdıra bilərdi. Lakin, İran ondan gözlənildiyi kimi davranmaqda davam edir”.