Azərbaycanla Misir arasında əlaqələrin xüsusi xarakteri mövcuddur. İki ölkə münasibətlərində ortaq mədəniyyətə sahib olmaq, xalqlar üçün vacib amil hesab edilir. Eyni zamanda hər iki xalq arasında orta əsrlərdən davam edən tarixi, xronoloji bağlılıq mövcuddur. Bu mənada Misir Azərbaycanın haqlı mövqeyinə hər zaman birmənalı münasibət sərgiləyib. Keçmiş “Dağlıq Qarabağ” məsələsində də Misir haqqın, ədalətin yanında olduğunu bəyan etməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini nümayiş etdirib. II Qarabağ müharibəsindən sonra Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu tərəfdaş ölkələrlə münasibətlərə də təsirsiz ötüşməyib. İndiki halda Azərbaycanla Misir arasında münasibətlərin strateji xəttlə inkişafı məhz bu tendensiyadan qaynaqlanır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda Azərbaycana Misir tərəfindən dəstək nümayiş etdirlib: “Yanvarın 28-də Misir prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri də mühüm əlamətdar hadisə olmaqla yanaşı, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələ hesab olunur. Misir keçmiş Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsinin həlli məsələsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləməklə yanaşı və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini müdafiə edib. Ulu öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Məhz bu əlaqələrin təzahürü olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib”.
Deputat ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Misir prezidentlərinin mətbuata birgə açıqlamalarında səsləndirilən fikirlərin önəminə toxunub: “Verilən birgə bəyanatda Azərbaycan Prezidenti bir sıra vacib məqamları vurğulamaqla yanaşı BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyəti olduqca böyükdür. Dövlətimizin başçısı vurğulayıb ki, “BMT TŞ-da bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır”. Şözsüz ki, ölkə başçısının bu fikirləri təhlükəsiz və daha ədalətli bir dünyanın yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki, dünya sürətlə dəyişir və yeni reallıqlar eyni zamanda yeni şərtlər tələb edir”.
Sevinc Hüseynovanın fikrincə, Misir prezidentinin ölkəmizə səfəri Azərbaycanın Şərq regionunda strateji əhəmiyyətinin daha da genişlənməsi baxımından da önəmlidir: “Sözsüz ki, ölkəmizlə Misir arasındakı əlaqələr Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas xətti olan əməkdaşlıq və qarşılıqlı əlaqələr prinsipinə söykənir”.