Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” konfransının keçirilməsi tarixi hadisə idi. Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi bu konfrans iki gün ərzində davam edəcək və bir sıra vacib məsələlər müzakirə ediləcək, mühüm mesajlar ünvanlanacaq. Sözsüz ki, belə bir mötəbər konfransın təşkil edilməsi Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq birlik tərəfindən tanınmasına, müdafiəsinə onların tarixi torpaqlara ləyaqətli qayıdışına dair mühüm çağırış hesab edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, iki gün davam edəcək konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edir: “Bundan başqa, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan olmaqla ümumilikdə 101 xarici qonaq var. Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkə prezidentinin müşaviri, 1 ölkə vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 keçmiş səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi yer alır. Eyni zamanda 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 hökumət şurası üzvü, 8 ölkədən 8 hüquqşünas və hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları da tədbir iştirakçıları arasındadır”.
Şura sədrinə görə, Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində toxunduğu məqamlar böyük önəm kəsb edir: “Cənab Prezident müraciətində dünyada 120 milyondan çox insanın məcburi köçürülmə problemi ilə qarşılaşdığını və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həllinin mümkünsüzlüyünü önə çəkib. Vurğulanıb ki, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıb. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib. Ölkəmizin başçısı həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub. Dövlətimizin başçısı eyni zamanda tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir. Amma Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndib. Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir”.
Millət vəkili bildirib ki, konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub: “Eyni zamanda tədbirdə Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik təmsil olunur. İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfərdir. Dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib”.
Məlahət İbrahimqızı vurğulayıb ki, XX əsrin əvvəllərindən Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilmiş soydaşlarımızın hüquqları bərpa olunmalıdır: “Vaxtilə zor gücünə öz ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından deportasiya edilən, mənəvi, fiziki-psixoloji təzyiqə, işgəncələrə, kütləvi qətliamlara məruz qalan soydaşlarımızın haqları yerdə qala bilməz. Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmağa onların mənəvi haqqı çatır. Ona görə də, indiki Ermənistan hakimiyyəti beynəlxalq hüquqa əməl edərək Qərbi Azərbaycanlıların tarixi torpaqlarına geri dönməsini təmin etməlidir”.