Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilməsi tarixi hadisə idi. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş ölkələrin parlamentlərinin təmsilçilərinə Azərbaycanda parlamentin yaranmasından, tarixindən, ənənələrindən bəhs edib. Vurğulanıb ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edir. Sözsüz ki, parlamentlərin rolunun daha da gücləndirilməsi, əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi olduqca önəmlidir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, parlamentlərin bugünkü fəaliyyətinə ölkələrdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür: “Azərbaycanda mövcud olan parlamentarizm ənənələrinin öz tarixi var. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini bu xüsusdə qeyd etmək olar. Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilib. Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti olub. O dövr üçün parlament cəmi on yeddi ay fəaliyyət göstərib. 11 müxtəlif partiyanın təmsil olunduğu, 99 üzvü olan parlament həmin dövr ərzində 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə parlament də öz fəaliyyətini dayandırıb. Azərbaycan sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik olub. Formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olub”.
Deputat bildirib ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi ilə parlament tarixində yeni dövr başlayıb: “Həmin dövrün ilk illəri olduqca mürəkkəb şəraitdə keçirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq fəaliyyətinin genişlənməsi, siyasi, iqtisadi və sosial çöküş, hakimiyyətdaxili çəkişmələr səbəbindən ölkənin parçalanmaq həddinə çatması parlamentin işində də özünü açıq büruzə verib. Bu çətin məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı nəinki dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün həlledici məqam oldu, həm də mahiyyət etibarilə yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət kəsb edib. Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başladı. Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu. Bu mənada Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentimizin də banisidir. Azərbaycan parlamenti bu gün Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir. Konfrans iştirakçılarına parlament diplomatiyasından bəhs edən spiker ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq, səmərəli dialoq, ən yaxşı təcrübələrin paylaşılması baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb. Həmçinin konfrans iştirakçıları Azərbaycanın Qarabağ bölgəsini – Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət edərkən 30 illik işğalının ağır nəticələrinin, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşiliklərin, yerlə yeksan edilmiş şəhər və kəndlərin, dağıdılmış tarixi, mədəni və dini abidələrin canlı şahidi olacaqları qeyd edilib. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olacaqlar”.
Sevinc Hüseynova 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyininin tam təmin edildiyini bildirib: “Artıq Cənubi Qafqazda sülhün və sabitliyin yaradılması üçün mühüm imkanlar var. Amma bütün bunlara baxmayaraq bəzi Qərb ölkələri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır. Məqsədləri Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir. Bu cür hallar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası dövründə özünü bir daha biruzə verdi. Lakin bütün təxribatlara baxmayaraq COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı”.