Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilməsi tarixi hadisə idi. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş ölkələrin parlamentlərinin təmsilçilərinə Azərbaycanda parlamentin yaranmasından, tarixindən, ənənələrindən bəhs edib. Vurğulanıb ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edir. Sözsüz ki, parlamentlərin rolunun daha da gücləndirilməsi, əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi olduqca önəmlidir. Sözsüz ki, parlamentlərin bugünkü fəaliyyətinə ölkələrdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrinin öz tarixi var. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini bu xüsusdə qeyd etmək olar. Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilib. Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti olub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, həmin dövr üçün parlament cəmi on yeddi ay fəaliyyət göstərib. 11 müxtəlif partiyanın təmsil olunduğu, 99 üzvü olan parlament həmin dövr ərzində 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə parlament də öz fəaliyyətini dayandırıb. Azərbaycan sovet hakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik olub. Formal xarakter daşımasına baxmayaraq, parlamentin həmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunub saxlanması baxımından faydalı olub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi ilə parlament tarixində yeni dövr başlayıb. Həmin dövrün ilk illəri olduqca mürəkkəb şəraitdə keçirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq fəaliyyətinin genişlənməsi, siyasi, iqtisadi və sosial çöküş, hakimiyyətdaxili çəkişmələr səbəbindən ölkənin parçalanmaq həddinə çatması parlamentin işində də özünü açıq büruzə verib. Bu çətin məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı nəinki dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün həlledici məqam oldu, həm də mahiyyət etibarilə yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət kəsb edib. Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı məhz parlamentdə başladı. Ulu Öndər parlamentə rəhbərlik etdiyi dörd aya yaxın müddət ərzində Azərbaycan parlamentarizmi tarixinin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu. Bu mənada Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu olduğu kimi, müasir parlamentimizin də banisidir”.
Millət vəkili bildirib ki, Azərbaycan parlamenti bu gün Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir: “Konfrans iştirakçılarına parlament diplomatiyasından bəhs edən spiker ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq, səmərəli dialoq, ən yaxşı təcrübələrin paylaşılması baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb. Həmçinin konfrans iştirakçıları Azərbaycanın Qarabağ bölgəsini – Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət edərkən 30 illik işğalının ağır nəticələrinin, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşiliklərin, yerlə yeksan edilmiş şəhər və kəndlərin, dağıdılmış tarixi, mədəni və dini abidələrin canlı şahidi olacaqları qeyd edilib. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olacaqlar. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında anti-terror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyininin tam təmin edib. Artıq Cənubi Qafqazda sülhün və sabitliyin yaradılması üçün mühüm imkanlar var. Amma bütün bunlara baxmayaraq bəzi Qərb ölkələri, AŞPA və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı yalan ittihamlar üzərində qurulmuş böhtan və dezinformasiya kampaniyaları aparır. Məqsədləri Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir. Bu cür hallar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmiş 29-cu sessiyası dövründə özünü bir daha biruzə verdi. Lakin bütün təxribatlara baxmayaraq COP29 ən yüksək səviyyədə keçirildi və əhəmiyyətli nəticələrin əldə olunması ilə başa çatdı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransda da bir daha Azərbaycanın yaratmış olduğu yeni tarixi reallıqdan bəhs edilib: “Bu gün Azərbaycanın tam müstəqil siyasət aparması bir çox qüvvələri narahat edir. Ona görə də, davamlı olaraq ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirilir. Təbii ki, əsassız təzyiqlər, ikili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrimizin tez-tez qarşılaşdığı neqativ hallardır. Bu isə öz növbəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır. arlament diplomatiyasının bütün mövcud imkanlarından faydalanmaqla, konstruktiv dialoq və əməkdaşlığı rəhbər tutmaqla qarşıya qoyulan hədəflərə çatmaq mümkündür. Konfransdakı çıxışında qardaş Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay da Azərbaycan parlamentinin öz fəaliyyətini demokratik prinsiplər əsasında qurduğunu qeyd edib. Eyni dilə, dinə, mədəniyyətə mənsub Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Türkiyənin hər zaman, o cümlədən 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədiyini, ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin vacibliyini vurğulayıb. Fuat Oktay dövlətlərarası münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verən Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin genişləndirildiyini, deputatlarımızın həm ikitərəfli qaydada, həm də beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlıq etdiyini bildirib. O, dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daim mövcud olacağına əminliyini söyləyib. Digər çıxışçılar Qərbi Azərbaycana qayıdış məsələsinə toxunaraq bildirib ki, vaxtilə öz yurdlarından didərgin düşmüş azərbaycanlılar beynəlxalq hüquq normalarına uyğun olaraq öz evlərinə qayıtmalı olduqlarını qeyd ediblər”.