Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəfidir. Ölkəmiz bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın təşviqi fəaliyyətləri ilə hər kəs tərəfindən çox yaxşı tanınır. Bu mənada Azərbaycan monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib. Həmin müddətdə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu səfər çərçivəsində çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşlər olub. Eyni zamanda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bütün bunlara rəğmən 18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələr heç bir əsasa malik deyil: “Həmçinin bu hesabat ölkədəki reallıqları dəqiqliklə əks etdirmir. Ona görə də, Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar var. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb”.
Deputat bildirib ki, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kənara çıxır: “Azərbaycan ərazilərinin bir hissəsində Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğal mövcud idi. Fakt odur ki, Komitə öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşıb. Buna misal kimi Məşvərət Komitəsinin erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrə istinad etməsi qeyri-obyektiv yanaşmanın təzahürüdür”.
Məlahət İbrahimqızı vurğulayıb ki, etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməsi faktları növbəti dəfə qulaq ardına vurulub: “Eyni zamanda ölkəmizdə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvərət Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kənara çıxılması deməkdir. Çünki bu qiymətləndirmənin rəyi məqsəd və hədəfləri ilə əlaqəsi yoxdur. Bu baxımdan, Məşvərət Komitəsinin Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır. Sözsüz ki, bu ölkəmizə qarşı növbəti dəfə ayrıseçkiliyin, ikili yanaşmaların və qərəzli münasibətin bariz nümunəsidir”.