30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən digər ərazilərimizdə olduğu kimi Ağdamda da misli görünməmiş, vandallıq, barbarlıq aktı icra edilib. Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırım və etnik təmizləmə həyata keçirilib. Ermənistan on illiklər ərzində torpaqlarımızda infrastrukturu barbarcasına dağıdıb, vuran qoyub. Erməni vandalları 30 il Azərbaycan ərazilərində bütün infrastrukturu dağıtmaqla yanaşı, ekoloji terror törədib. Məhz 2020-ci ilin 27-i sentyabrında başlayan, 44 gün davam edən Vətən Müharibəsi Ermənistanın tam kapitulyasiyası Azərbaycanın tarixi qələbəsi ilə baş çatdı. Beləliklə Ermənistanın işğal siyasətinə son qoyuldu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 2020-ci ilin 10 noyabrında əldə edilmiş üçtərəfli razılaşma ilə Ağdam, Kəlbəcər və Laçın heç bir güllə atmadan, şəhid vermədən erməni silahlılarından boşaldıldı: “Bu Azərbaycanın hərbi müstəvidə əldə etdiyi zəfərin davamı olaraq diplomatik siyasi müstəvidə qazandığı növbəti qələbəsi idi. Məhz bu tarixdən sonra Azərbaycan öz ərazilərində həyatı yenidən canlandırmağa başladı. Artıq tarixi torpaqlarımızda böyük-quruculuq abadlıq işləri icra edilir. Ağdam kimi tarixi və böyük bir şəhəri yer üzündən silən erməni barbarları burada misli görünməmiş vəhşilik həyata keçirib. Təsadüfi deyil ki, Ağdamı “Qarabağın Xirosiması” adlandırlar. Bu məhz vadalizminin, vəhşiliyinin bariz nümunəsi hesab edilir”.
Deputat Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri kimi tanındığını bildirib: “İnzibati vahid rayon kimi 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayon 1993-cü il 23 iyul tarixində Ermənistanın işğal siyasətinə məruz qalıb. ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən bu işğalı qətiyyətlə pisləyən bəyanat qəbul etmişdi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməsi də bu işğalı pisləməklə yanaşı ona son qoyulmasını tələb edirdi. Ermənistan tərəfi isə beynəlxalq qanunlara tabe olmaqdan yayınmaqla işğal siyasətini 30 ilə yaxın davam etdirib və işğal dövründə Cenevrə Konvensiyalarına zidd olaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib”.
Millət vəkili artıq işğal faktının geridə qaldığını Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə təmin etdiyini söyləyib: “Üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə “Ağdamın azad olunmasına görə” medalı, eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Cənab Prezidentin həmin Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin bir günlük lokal antiterror tədbirləri müasir Azərbaycan tarixində qızıl hərflərlə yazılmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə yekunlaşdı.
Məlahət İbrahimqızı artıq Ağdam rayonu üçün yeni bir dönəmin başladığını söyləyib: “Böyük Qayıdış konsepsiyasına uyğun Ağdamda böyük quruculuq-bərpa işləri icra edilir. Sözsüz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci 28 may tarixində Ağdamın baş planı Azərbaycan ictimaiyyətinə təqdim olunub. Qədim Ağdam şəhəri məhz bu plan əsasında yenidən qurulacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri ilə tanışlıq məhz bu məqsədlərə xidmət edir”.