Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhədə gəlib. Görünən odur ki, Aİ-ı Azərbaycanla bağlı siyasi müstəvidə olan təxribatlarını başqa rakurslarda davam etdirmək niyyətindədir. Öz növbəsində Ermənistan tərəfi də sülhdən danışa-danışa təxribatlara əl atır. 30 il Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu dövrdə Avropa İttifaqının bu ərazilərdə hansısa monitorinq aparmaq yadına belə düşmədi. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində aparılan etnik təmizləmə və barbarlığa Aİ-ı başda olmaqla Fransa kimi ölkələrdən hər hansı bir reaksiya verilmədi.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, II Qarabağ müharibəsindən sonra isə Avropa İttifaqının bölgədə monitorinq aparmaq istəyi isə tamam başqa mətləblərdən xəbər verir: “Faktiki olaraq bu gün Avropa İttifaqı “müşahidə missiyası” adı altında Ermənistanda revanşizm alovlanmasına, bölgədə yenidən qarşıdurmaların yaranmasına çalışır: “Erməni lobbisinin kök salmış olduğu ölkələr və təşkilatların yönləndirməsi ilə bölgədə sülhə və təhlükəsizliyə zərbə vurmaq üçün bütün mümkün variantlar nəzərdən keçirilir.
Eldar Quliyev vurğulayıb ki, məqsəd Azərbaycanın sülh təşəbbüsləri fonunda bölgədə formalaşmış olan yeni reallığı pozmaqdır: “Çünki Aİ-nin Ermənistandakı missiyasının tərkibində fransalı kəşfiyyatçıların çoxluğu fonunda rəsmi Paris özünün çirkin niyyətini təmin etməyə çalışır. Məhz Azərbaycanla sərhəddə Fransa bayrağı ilə Avropa İttifaqının “missiyası” nümayənldərinin gəlişi də bundan xəbər verir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan havadarlarının diktəsi ilə yenidən təxribatlara hazırlaşır. Görünür, Fransa artıq Aİ-ı adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhədə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.
Qeyd edək ki, oktyabrın 30-u səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1 ədəd “Uaz Patriot” markalı minik avtomobilləri gəlib. Oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına üzərində Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”in gətirilməsinə dair video yayılmışdı. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir.