Bır sıra “X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktlar var. Bununla bağlı Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyi birgə açıqlama yayıb. Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir. Beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd edilir. Bu cür saxta məlumatlar əsasında təşkil olunmuş fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdan ibarətdir. Sözsüz ki, hər zaman ölkəmizdə keçirilən mühüm tədbirlər öncəsi bu kimi qarayaxma və anti-təbliğat rüporları işlə salınır. Erməni lobbisinin, anti-Azərbaycan mərkəzlərinin bu cür gözdənsalma, qaralama kampaniyası əhəmiyyətsizdir.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
Onun fikrincə, dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq: “Bu eyni zamanda ölkəmizin nüfuzunun daha da yüksəlməsinə töhfə verəcək. Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələcəyinə tam əminlik var. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində bu tədbirin keçirilməsi mühüm rol oynayacaq. COP29 həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına böyük imkanlar açacaq”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycan hazırda neft-qaz ölkəsi kimi yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli istiqamətində öz prioritetlərini bir daha bəyan etmiş olacaq: “COP29-un dünya əhəmiyyətli tədbirdir. Bu kimi tədbirlərə ev sahibliyi etmək üçün dünya birliyinin razılığının olması mütləqdir. Təbii ki, bu kimi qlobal tədbirlər ev sahibliyi etmək üçün vacib amillər nəzər alınır. Çünki böyük qlobal tədbirləri keçirmək üçün ölkənin ictimai-siyasi sabitliyi, iqtisadi gücü, beynəlxalq münasibətlər sistemində yeri və rolu nəzərə alınır. Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. Bu xüsusda Azərbaycan ev sahibliyi və sədrlik etdiyi Qoşulmama Hərəkatına (QH) yeniliklər və canlanma gətirib. Azərbaycanın 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın həyatında yeni bir səhifə açdı. Qoşulmama Hərəkatının Parlament və Gənclər Şəbəkələri yaradılıb. Həmçinin ölkəmizin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi də dəstəklənib. Bununla da Hərəkat daha geniş şəkildə fəaliyyət həyata keçirib. Məhz Azərbaycanın verdiyi töhfələrə görə Qoşulmama Hərəkatına sədrliyimiz bir il daha uzadılıb. Ona görə də, Azərbaycanın COP29-un gündəliyini müəyyən edib və müzakirə olunan mövzuların arasında iqlim maliyyəsi ilə bağlı konsensusun əldə olunması təşəbbüsləri artıq dəstəklənib. O cümlədən COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın təşəbbüsü ilə “üçlük” – COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələrin birgə fəaliyyətini nəzərdə tutan format yaradılıb. Bütün bunların fonunda əminliklə demək olar ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə siyasət, iqtisadiyyat, investisiya, turizm və regional liderlik də daxil olmaqla bir çox aspektdə töhfələr verməklə yanaşı beynəlxalq investisiyaları cəlb etmək və ekoloji layihələrdə əməkdaşlıq imkanlarını genişləndirmək üçün mühüm fürsətlər yaradacaq”.