2023-cü ilin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar verilmiş qərar tarixi əhəmiyyət kəsb edirdi. Bu dünya birliyinin Azərbaycana, onun Liderinə olan inam və etimadının növbəti təzahürü hesab olunur. Sözsüz ki, Azərbaycan böyük mahiyyət kəsb edən tədbirlərin təşkilatçısı və ev sahibi kimi bu gün qlobal miqyasda yüksək nüfuz sahibdir. Bu Azərbaycanda mövcud olan inkişaf, ictimai-siyasi sabitlik, həyata keçirilən uğurlu siyasətin mahiyyətindən qaynaqlanır.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsi növbəti dəfə ökəmizin diqqət mərkəzində olması deməkdir: “Sözsüz ki, bu Azərbaycana göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Azərbaycan buna layiqdir. Həyata keçirilən siyasət nəticəsində dünya miqyasında ölkəmiz çox güclü mövqelərə sahib olub. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Aparılan müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa olan bağlılıq, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi bu mənada mühüm önəm kəsb edir”.
YAP təmsilçisi hesab edir ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub: “Bu ölkəmizə olan yekdil mövqenin bir daha özünü göstərməsi demək idi. Ötən il məhz 19-20 sentyabr tarixlərində Azərbaycan öz ərazisində həyata keçirdiyi antiterror tədbirlərindən sonra belə bir mötəbər qərarın verilməsi ölkəmizə onun həyata keçirdiyi siyasətə olan birmənalı münasibətin təzahürü oldu. Sözsüz ki, hər zaman olduğu kimi antiterror tədbirlərindən sonra da bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Təbii ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini təmin edib. Azərbaycan eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etməyə nail olub”.
Aqil Məmmədov ənənəvi olaraq Fransa kimi ölkələrin anti-Azərbaycan ritorikasından qurtula bilmədiyini, özünün məkirli niyyətindən əl çəkmədiyini və ölkəmizin yaratmış olduğu yeni reallıqla barışmaq fikrində olmadığını söyləyib: “Amma bütün bunlara baxmayaraq Fransa kimi düşmən mövqeyində olanların istək və arzuları reallaşmadı. Dünya birliyi COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar verdi. Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etmiş Azərbaycan dünyanın 120 ölkəsinin dəstəyi ilə mühüm addımlar atmış, böyük təşəbbüslərlə çıxış etmişdir. Bu baxımdan da şübhə yoxdur ki, COP29 beynəlxalq konfransını da Azərbaycan yüksək səviyyədə keçirəcək. Bu növbəti dəfə ölkəmizin, xalqımızın böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Bütün dünya görəcək ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcəkdir”.