Avropa İttifaqı (Aİ) hər vəchlə Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışır. Bir müddət öncə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel də bəyan etmişdi ki, təmsil etdiyi təşkilat Ermənistandakı “mülki missiyasının” sayını artıracaq. Beləliklə, Aİ-nin Ermənistandakı “mülki missiyasının” sayı 138 nəfərdən 209-a çatdırıldı. Görünən isə odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri qəti şəkildə qane etmir.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Aİ-ı hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atmaq niyyətindədir: “Çünki Aİ-ı həmin “missiyanın” sayını artırmaqla və onu gücləndirməklə Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn məqsəd güddüyünü açıqlamışdı. Əslində sözsüz ki, bu addımın arxasında Avropa İttifaqının çox gizli və məkrli plan var. Məhz bu günlərdə Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri”nin yenidən Azərbaycanla sərhədə gəlməsi də heç də təsadüfi xarakter daşımır. Aİ-ı Azərbaycanla bağlı siyasi müstəvidə olan təxribatlarını digər rakurslarda davam etdirmək istəyir”.
YAP təmsilçisi hesab edir ki, Ermənistan tərəfi isə növbəti dəfə sülhdən danışa-danışa təxribatlardan da əl çəkmir: “Fakt isə odur ki, 30 il Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu dövrdə Avropa İttifaqının bu ərazilərdə hansısa monitorinq aparmaq niyyəti olmayıb. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində aparılan etnik təmizləmə və barbarlığa Aİ-ı başda olmaqla Fransa kimi ölkələrdən hər hansı bir reaksiya verilməyib. Bu gün isə Avropa İttifaqı “müşahidə missiyası” adı altında Ermənistanda revanşizmin alovlanmasına, bölgədə yenidən qarşıdurmaların yaranmasına can atır”.
Aqil Məmmədov bildirib ki, Azərbaycanın sülh təşəbbüsləri fonunda bölgədə formalaşmış olan yeni reallığı pozmaq üçün bu cür pozucu qüvvələr öz çirkin əməllərindən əl çəkmək istəmir: “Aİ-nin Ermənistandakı missiyasının tərkibində fransalı kəşfiyyatçıların çoxluğu fonunda rəsmi Paris özünün çirkin niyyətini təmin etmək niyyəti güdür. Məhz Azərbaycanla sərhəddə Fransa bayrağı ilə Avropa İttifaqının “missiyası” nümayəndələrinin gəlişi də bunu təsdiqləyir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan havadarlarının diktəsi ilə yenidən təxribatlara hazırlaşır”.
Qeyd edək ki, oktyabrın 30-u səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1 ədəd “Uaz Patriot” markalı minik avtomobilləri gəlib. Oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına üzərində Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”in gətirilməsinə dair video yayılmışdı. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir.