
Hər il olduğu kimi ötən ilin son günü və son dəqiqələrində Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Azərbaycan xalqına, bütövlükdə dünya azərbaycanlılarına ünvanlanmış və müasir tariximizin qızıl səhifələrinə yazılmış bu mükəmməl təbrik ötən ilin təhlili və gələn ilin hədəflərini konkret olaraq özündə əks etdirmiş tarixi bir müraciətdir. Həqiqətən də əgər biz möhtərəm Prezidentimizin hər ilki yeni il təbriklərini yenidən nəzərdən keçirsək, ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətin nə qədər uzaqgörən, milli maraqlarımıza xidmət edən, xalqının rifahını və dövlətini gücləndirən bir siyasət olduğunun şahidi oluruq.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, mübaliğəsiz və minnətdarlıqla deməliyik ki, hər ötən il dövlətimizin gücü və nüfuzu dünyada daha da artır: “Möhtərəm Prezidentimiz müraciətində iki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizin siyasi müstəvidə daha da möhkəmləndirdiyini bir daha vurğuladı. O bu ilin oktyabr ayında Praqa və Soçi keçirilən görüşlərdə Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını, iki ölkə arasında Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında hazırlanmış sülh müqaviləsinin imzalanması üçün vacib olan bütün şərtlərin təmin edildiyini qeyd etdi. 2022-ci il sözün həqiqi mənasında Vətən Müharibəsindən sonra ölkəmizdə illərə sığmayan işlər görülüb. İstər Böyük Qayıdış 1-ci dövlət proqramı çərçivəsində, istərsə də hərbi gücümüzün daha da artırılması, hərbi-müdafiə, təhlükəsizlik sahəsində misilsiz işlər görülüb. Ölkəmizdə bütün sahələrdə böyük masştablı islahatlar həyata keçirilir. İslahatlar çərçivəsində müharibədən keçən iki il ərzində ordu quruculuğunda, silahlı birləşmələrin daha da təkmilləşdirilməsi, ordumuzun yeni silahlar və müasir texnika ilə təchizatı baxımından mühüm işlər görülüb. Ötən illərdə həyata keçirilən bütün hərbi əməliyyatlar, xüsusən də Fərrux, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar nəticəsində aparılan uğurlu hərbi əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha sübut etdi. 2022-ci ilin tarixi uğurlarından biri də ötən ilin avqust ayının 26-da Laçın şəhərinin nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl Laçın rayonunun Zabux və Sus kəndlərinin tamamilə təmizlənməsi idi. Hazırda Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Möhtərəm Prezident görülən misilsiz işlərə istinad edərək, 2023-cü ildə laçınlıları Laçına qaytaracağını əminliklə bildirdi”.
Millət vəkilinə görə, ötən ilin ən yadda qalan tarixi hadisələrindən biri də Ağalı kəndində həyatın bərpa edilməsi və Zəngilanlıların öz yurd yerlərinə qayıdışı idi: “Böyük tarixi nailiyyət olan bu qayıdış bir tərəfdən xalqımızın böyüklüyünü göstərirsə, digər tərəfdən dövlətimizin gücünü və möhtərəm Prezidentimizin fədakar və yorulmaz fəaliyyəti nəticəsi hesab edilir. Zəngilan Beynəlxalq Hava Limanının qısa müddətdə inşa edilib istifadəyə verilməsini isə beynəlxalq aləmdə analoqu olmayan bir hadisə adlandırmaq olar. Prezident İlham Əliyev zəngilanlıların Ağalı kəndinə qayıdışı hadisəsini Böyük Qayıdış Proqramının uğurla icra edilməsinin göstəricisi kimi dəyərləndirib. O, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən böyük quruculuq işlərini, xüsusən Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində bu işlərin daha geniş vüsət aldığını, azad edilmiş bütün şəhər və qəsəbələrin baş planlarının hazır olduğunu və təsdiqləndiyini, hazırda 10-dan çox kəndin baş planının tam təsdiqləndiyini və bir neçə kəndin təməlinin qoyulduğunu qeyd etdi”.
Deputat bildirib ki, Prezidentin Yeni İl müraciətinfə diqqətçəkən məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar oldu: “Bu istiqamətdə genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilməsi haqqında dedikləri fikirlərdir. O, bir daha və çox qətiyyətlə Ermənistanın heç bir istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin mütləq açılacağını bildirdi. Əslində möhtərəm Prezidentimizin bu müraciəti təkcə Azərbaycan xalqı üçün deyil həm də bir çox məkanlar, xüsusilə də Ermənistan üçün ciddi mesajdır. Bu bir tarixi gerçəklikdir ki, istər ölkəmizin digər bölgələrində, istərsə də işğaldan azad edilmiş ərazilərdə tarixi binaların, məscidlərin əsaslı şəkildə bərpası və yenidən inşa olunması ölkəmizin güclü iqtisadiyyata və iqtisadi müstəqilliyə malik olması sayəsindədir. Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan dünyada heç kimdən iqtisadi və siyasi cəhətdən asılı olmayan nadir ölkələrdəndir. 2022-ci ili səciyyələndirən uğurlardan biri də Avropanın Azərbaycanı ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul etməsi oldu. Xüsusilə də möhtərəm Prezidentimizin uzun illərdən bəri həyata keçirdiyi enerji siyasəti, hər cür enerjinin şaxələndirilməsi, təminat və təchizatı kimi məsələlərdə Azərbaycan artıq Avropanın strateji tərəfdaşı kimi qəbul edilir. Çox təəssüf ki, Avropa hələ öz strateji tərəfdaş funksiyalarını layiqincə yerinə yetirmir. Çünki Azərbaycanın Avropa üçün enerji ilə bağlı verdiyi töhfələrin qarşısında beynəlxalq donor təşkilatları, Azərbaycana maliyyə dəstəyi göstərmir. Əksinə təcavüzkar Ermənistana maliyyə dəstəyi göstərirlər. Əlbəttə bu qəbuledilməzdir. Bugünədək Qarabağda erməni vandallığının dağıntılarının aradan qaldırılması üçün görülən bütün bərpa-quruculuq işlərini Azərbaycan öz imkanları ilə görür”.
Məlahət İbrahimqızı vurğulayıb ki, 2022-ci ildə ölkəmizdə “Şuşa İli” çərçuvəsində hörülən işlər ən əlamətdar hadisələrdən biridir: “Eləcə də 2023-cü ilin Ulu Öndərin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” elan edilməsi dövlətimizin qəbul etdiyi ən unudulmaz qərarlardır. 2022-ci il həm də dünya azərbaycanlılarının daha mütəşəkkil bir təşkilata çevrilməsi və Türk Dünyasının mədəniyyət mərkəzi olan Şuşada keçirilən Dünya Azərbatcanlılarının I Qurultayı ilə yadda qaldı. Şuşadan beynəlxalq ictimaiyyətə, eləcə də dünya erməniliyinə çox ciddi mesajlar göndərildi. Bu mənada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tarixi təbrikdə, müraciətində möhtərəm Prezidentimiz ən xoş arzularını bildirməklə, onları harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü müstəqil Azərbaycan dövlətinin dayandığını və onların müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladları olduğunu bildirdi. Bir sözlə illərin qovşağında möhtərəm Prezidentimiz İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı müraciəti dövlətimizin və xalqımızın ildən ilə artan gücünün göstəricisi adlandırmaq olar”.