Bu gün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. Çünki bu işğal dövründə xalqımıza məxsus milli-mədəni irsimizi özündə əks etdirən çoxlu sayda milli-mədəni abidələrimiz erməni vandalları tərəfindən məhv edildi. Cəbrayıl rayonunun infrastrukturu məhv olundu. Sözsüz ki, bu illər ərzində tarixi torpaqlarımız əsl sahiblərinin gəlməsini gözləyirdi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Cəbrayıl rayonun işğaldan azad olunması düşmənə ağır zərbə vurdu: “Heç təsadüfi deyil ki, Böyük qayıdış məhz Cəbrayıldan başlayıb. 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edilib. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olub. Cocuq Mərcanlıya qayıdış Böyük qayıdışın başlanğıcı idi. 2016-ci idə aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-hücumu zamanı Lələ Təpə yüksəkliyi də işğaldan azad olundu. Azərbaycan ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”.
Millət vəkili bildirib ki, Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir: “Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər və 80 kənd işğaldan azad edilib. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad olundu.
Artıq işğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz dogma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Cəbrayılda dağıdılan mədəni-tarixi abidələrimizin də bərpası həyata keçirilir. Ən şərəfli anlardan da biri təbii ki, Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması idi. Bu, Azərbaycan xalqı üçün qürur və fəxarət və çox böyük siyasi və tarixi əhəmiyyətə malik hadisədir. Fəxarət və qürur hissi ilə deyə bilərik ki, Cəbrayıl rayonu tam bərpa olunacaq və Cəbrayıl sakinləri də rahat yaşaya biləcəklər. Qazanılan bütün uğurlar təbii ki, ölkə Prezidentinin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı”.
Sevinc Hüseynova 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunması mühüm bir tarixi reallığın təzahürü olduğunu söyləyib: “Ali Baş Komandan tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Məhz bu şanlı tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub.
Bu gün artıq Cəbrayıl öz tarixinin yeni dövrünü yaşayır. Cəbrayıllılar artıq uzun müddətdən sonra öz doğma yurdlarına qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna səfərləri zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutub. Bu xüsusda cənab Pzident İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri zamanı yeni müəsisələrin, istehslat və xidmət sahələrinin açılışını edib, təməlini qoyub. Ölkə başçısının Cəbrayıla səfəri zamanı “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyulub. Eyni zamanda “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli atılıb. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Bununla yanaşı Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə də qatılıb. Bütün bunlar onu göstərir ki, işğaldan azad edilən digər ərazilərimiz kimi Cəbrayılda da qısa zamanda bütün zəruri infrastruktur obyektləri, istehsalat müəssisələri, insanların yaşayışını və məşğulluğunu təmin edəcək sosial layihələr ardıcıllıqla icra edilir. Sözsüz ki, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir”.