Sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin açılışı müasir Azərbaycan tarixində, ölkəmizin təhsil sistemində mühüm hadisədir. Bu münasibətilə Prezident İlham Əliyevin Qarabağ Universitetində çıxışında olduqca vacib mesajlar verilib, mühüm məsələlərdən bəhs edilib. Ölkəmizin başçısı bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu tərəfindin Azərbaycanın dövlət suverenliyinin, konstitusiya quruluşunun bərqərar edildiyi vurğulanıb.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin də bildirdiyi kimi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi: “Dövlətimizin başçısı bu tarixin xalqımızın zəfər salnaməsində mühüm əhəmiyyətindən bəhs edib. Sözsüz ki, tarixi qələbələr qəhrəman igidlərimizin canı-qanı hesabına əldə edilib və şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacaq. 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. İşğalçı Ermənistan ordusu isə güclü Azərbaycan əsgərini qarşısında ancaq qaça bilirdi. Erməni tərəfi də rəsmi olaraq bəyan edib ki, II Qarabağ müharibəsində Ermənistan ordusunda 12 mindən çox fərari olub. Bütün bu amillər isə Azərbaycan Ordusunda, arxa cəbhədə olan yüksək mənəvi-psixoloji hazırlığın, vətən sevgisinin bariz nümunəsidir. Mənəvi üstünlük, milli düşüncə olmasa, ən güclü ordu belə qələbə qazana bilməz. Dünya hərb tarixində olan faktlar da bunu təsdiq edir. Məhz cənab Prezident tərəfindən bu amillərin vurğulanması olduqca mühüm önəm kəsb edir. Azərbaycan Ordusu 44 gündə düşmənin bir neçə istehkam səddini aşaraq tarixi zəfərə imza atıb. Şuşa kimi yüksək strateji, əlverişli coğrafi mövqeyə malik bir ərazini Azərbaycan Ordusu yüngül silahlarla, sıldırım qayalara dırmaşaraq, bir çox hallarda əlbəyaxa döyüşlərdə qalib gələrək buranı işğalçılarından azad etdi. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq öz qəhrəmanları ilə fəxr edir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri müasir Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Dövlət başçısının da qeyd etdiyi kimi “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. Azərbaycan xalqının bütün çətinliklərə baxmayaraq öz tarixi torpaqlarına qayıtmaqla bağlı heç vaxt ümidi itirməmişdi və bir gün tarixi ədalətin zəfər çalacağına əmin idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar edildi. Ölkə başçısı da vurğulayıb ki, “Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır”. Təəsüf ki, işğal dövründə ölkəmizə qarşı təzyiqlər, ikili standartlarla yanaşma olduğu reallıq Ermənistanın işğal faktına belə hansısa don geyindirmək cəhdləri var idi. İkili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik heç vaxt yaddan çıxmayacaq. Sözsüz ki, formalaşmaqda olan gənc nəsil öz tarixində sahib çıxmalı və gələcəyini məhz bu prinsiplər üzərində qurmalıdır. Burada tərbiyə, mənəvi-psixiloji amillər mühüm önəm kəsb edir. Azərbaycanda ailə dəyərləri hərz aman üstün tutulur. Bu dəyərlərin bundan sonra da hər zaman yüksək tutulacağına tam əminik. II Qarabağ müharibəsində gənclərimizin göstərmiş olduğu yüksək vətənpərlik nümunəsi bunun bariz nümunəsidir”.
Təftiş Komissiyasının sədri bildirib ki, Qarabağ Universitetinin yaradılmasının tarixi hadisə olduğunu söyləyən ölkə başçısı Xankəndidə belə bir ali təhsil ocağının yaradılması bu torpaqların əsl sahiblərinin milli kimliyi, mənsubluğu ilə bağlı tarixi həqiqətləri özündə ehtiva edir: “XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri ilə heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülüb. Hər məsələdə saxtakarlıq edən ermənilər isə növbəti dəfə tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışıblar. Amma bu kimi cəhdlərin əsl tarixi reallığı dəyişdirməyə gücü çatmadı və ədalət zəfər çaldı. Amma buna baxmayaraq sonrakı dövrlərdə də erməni xisləti Azərbaycan torpaqlarına olan iddialarından əl çəkməyə imkan verməyib. Beləliklə, XX əsrin əvvəlində xalqımıza qarşı növbəti düşmənçilik addımları atılıb. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılıb. Bu vilayətin tabeçiliyi isə Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Bu bölgəni Azərbaycandan ayırmaq üçün atılan növbəti addım idi. Ondan üç il əvvəl isə Qərbi Zəngəzur əsassız olaraq ermənilərə güzəştə gedilmişdi. 1920-1923-cü illərdən sonrakı dövrlərdə isə bu ərazilərdə kütləvi erməniləşmə siyasəti həyata keçirilib. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişindən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı. Sərsəng, Suqovuşan su anbarları istifadəyə verildi. 1987-ci ildə ulu öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşması ilə separatçılar yendən baş qaldırdı. Bu isə sonrakı dövrdə Azərbaycan xalqı üçün fəlakətlərə səbəb oldu. O vaxt Ulu Öndər Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Çünki Ulu Öndər Heydər Əliyev iqtidarda yox idi”.
Sevinc Hüseynova cənab Prezident tərəfindən 1980-1990-cı illərin əvvəllərində kommunist və Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal faktının da önə çəkildiyini söyləyib: “Məhz bu tarixdən sonra Xankəndidən azərbaycanlılar qovuldu. Qondarma müstəqillik elan olunandan dörd ay sonra 1992-ci ilin fevralında Xocalı soyqırımı törədildi, 1992-ci ilin may ayında Şuşa, Laçın işğal olundu, 1993-cü ilin aprelində isə Kəlbəcər erməni təcavüzünə məruz qalmışdı. Vurğulanıb ki, 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Məhz dahi şəxsiyyətin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlanıldı. Bunun məntiqi nəticəsi 8 Noyabr Zəfər Günüdür, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər atılan addımlar əvvəlkilərin məntiqi davamı idi. 20 Sentyabr Dövlət Suverenliyi Günü isə burada mühüm tarixi uğurun nəticəsidir”.