Bu gün Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır. Ölkəmiz özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və onun davamı olaraq 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar olunub. Bu mənada cənab Prezident, Müzəfər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı Sərəncam tarixi önəm kəsb edir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan xalqı 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazandığı dövrdə təsadüfi adamların siyasi hakimiyyətə gəlməsi nəticəsində böyük acılar, fəlakətlər yaşayıb: “Xalqımız soyqırımlar, etnik təmizləmələrə məruz qaldı. İşğalçı Ermənistan məhz Azərbaycanda mövcud olan pərkəndəlikdən, hakimiyyətsizlikdən istifadə edərək ərazilərimizi işğal edib. Beynəlxalq hüquq normalarına zidd olaraq erməni işğalı 30 ilə yaxın davam etsə də Azərbaycan xalqının əzmini, iradəsini sındıra bilməyib. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində tarixi ədaləti bərpa etməyə nail olub”.
Təftiş Komissiyasının sədri bildirib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq işğalçı Ermənistan BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq, beynəlxalq hüququ heçə sayaraq Azərbaycana qarşı işğalçılıq, etnik təmizləmə, soyqırım, vandallıq, barabarlıq aktları, bunun mahiyyətindən yaranan siyasət həyata keçirib: “İşğalçı ölkə hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib. Ölkəmizin təbii resursları talan olunub. Dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib”.
Sevinc Hüseynova vurğulayıb ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatıb: “Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirləri həyata keçirilib. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla icra edib. Növbəti parlaq Qələbə nəticəsində Azərbaycan özünün suverenliyini, bütün ərazisi üzərində konstitusiya quruluşunu tam təmin etməyə nail olub”.