
Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün mənəvi ehtiyaca çevrilib. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaqda mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin institutlaşdırılması 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı ilə başladı. Məhz bu qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra 2002-ci ildə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunu qəbul edildi ki, bu da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
o qeyd edib ki, Dünya Azərbaycanlılarının milli həmrəyliyi ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir: “Həmrəylik günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə əks etdirir. Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Dövlətin diaspor siyasətinə uyğun olaraq soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması davam edir. Prezident İlham Əliyev böyük qələbəmizə qədər Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdi ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik. Elə də oldu. Azərbaycan beynəlxalq hüququ, ədaləti özü təmin etdi.
44 günlük Vətən müharibəsindən sonra bu sahədə də yeni mərhələ başlayıb”.

Millət vəkili bildirib ki, Dünya Azərbaycanlılarının ilk dəfə Zəfər qurultayı keçirməsi yeni və şərəfli tarixdir: “Zəfər qurultayının Şuşada keçirilməsi isə təsadüfi deyildi. Türk və müsəlman dünyasının mədəniyyat paytaxtı olan Şuşa həm də dünya azərbaycanlılarının qürur mənbəyidir. Qarabağın incisi olan Şuşada bir araya gəlmək, qurultay keçirmək xalqımızın ən böyük arzusu idi. Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu arzunu reallığa çevirdi. Müzəffər xalq kimi Azərbaycan xalqı bu gün öz milli mənsubiyyətinə görə fəxr edir”.
Könül Nurullayeva vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan disporunun imicini və nüfuzunu da xeyli möhkəmləndirdi: “İllərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür.
Müharibənin nəticələrini təhlil etdikcə bir daha bu qənaətə gəlmək olur ki, dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xidmətləri də
Qələbəmizə layiqli töhfə oldu”.