2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində gənclər, o cümlədən idmançılarla görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizin maraqlarının qorunmasında mühüm rol oynayıb, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət nümayiş etdirib.
Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Sevinc Hüseynova qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: “Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir”. Sevinc Hüseynova bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğulayıb.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvü Pərviz Bayramov seçiciləri fəal olmağa, yeni uğurlara imza atmaq üçün YAP-ın namizədinə səs verməyə çağırıb.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Nərimankənd kəndi və Çanaqçı kəndlərində fərdi görüşlər də keçirib.