Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatlarda olduqca mühüm mesajlar verilib. Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Bu dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər tarixi xarakter daşımaqla yanaşı ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Sözsüz ki, iki ölkə arasındakı yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Bu mənada ölkə başçılarının qarşılıqlı səfərləri çərçivəsində qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik səviyyəsində olduğu bir daha təsdiqləmiş olur.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Prezident İlham Əliyev də bəyanatında qeyd etdiyi kimi Azərbaycanla Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular olaraq fəaliyyət göstərir: “2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Həmçinin dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir. Ölkəmizin başçısı da vurğulayıb ki, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri mövcuddur. Həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. Eyni zamanda Azərbaycanla Rusiya regional təhlükəsizlik məsələsinə də xüsusi önəm verir. Ölkəmizin başçısı qeyd edib ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Təbii ki, dövlətlərarası münasibətlər üçün müstəsna əhəmiyyətə malik olan nəqliyyat dəhlizləri mühüm önəm kəsb edir. Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlər öz aktuallığını saxlayır. Bu istiqamətdə Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür”.
Eldar Quliyev bildirib ki, cənab Prezidentin də vurğuladığı kimi hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər: “Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Eyni zamanda Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər mövcud olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bütün bunlarla yanaşı perspektiv əməkdaşlıq istiqamətləri də mövcuddur. Azərbaycanla Rusiya energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparır. Həmçinin tərəflər ekoloji problemlərə qarşı da birgə fəaliyyətin ortaya qoyulmasında maraqlıdır. Hər iki ölkə bu istiqamətdə mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsini nəzərdə tutur. Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənməsi də bu xüsusda vacib önəm kəsb edir. Burada Rusiyanın dəstəyi müstəsna dərəcədə önəmlidir. Hazırda hər iki tərəf qarşılıqlı formatda iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparır. Sözsüz ki, bütün bunların fonunda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri Prezident İlham Əliyevlə aparılan danışıqlar, səmimi görüşlər imzalanan sənədlər iki ölkə arasındakı əlaqələrin xarakterinə olduqca müsbət təsir göstərəcək”.