
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhər təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları ilə dərin hörmət və ehtiramla bir araya gəldik. Bu görüşlər, Vətən uğrunda canlarını fəda edən vətənpərvər oğullarımızın ailələrinə və qəhrəman qazilərimizə olan borcumuzu bir daha xatırlatdı.
Ardınca, “Azərbaycan Bayrağı” ordenli Sumqayıt Qarabağ Qaziləri İctimai Birliyinin sədr müavini və Vətən müharibəsinin könüllü iştirakçısı Zahir Şamxal oğlu Həsənovu evində ziyarət etmək mənim üçün böyük şərəf oldu. Bu ziyarət zamanı digər qazilərimizlə də səmimi söhbətlərimiz oldu. Onların Vətən qarşısında göstərdiyi misilsiz qəhrəmanlıqlar və sarsılmaz sadiqlik bir daha yaddaşlarımızda canlandı. Biz qazilərimizin rifahı və gələcəyi ilə bağlı önəmli məsələləri müzakirə etdik və onların yanında olacağımızı, hər zaman dəstək verəcəyimizi bir daha bəyan etdik. Vətənimizin bu igid övladlarının qəhrəmanlığı əbədi olaraq xalqımızın yaddaşında yaşayacaq.










