Ermənistan tərəfindən növbəti dəfə Azərbaycanla şərti sərhəddə hərbi təxribat törədilib. Rəsmi İrəvan sülh prosesini pozmaq üçün ardıcıl olaraq müxtəlif spektorlarda təxribatlarını davam etdirir. Özünün işğalçı mahiyyətindən xilas ola bilməyən Ermənistan havadarları ilə bölgədə gərginliyin yaranmasında maraqlıdır. Sözsüz ki, Fransa kimi havadarlarının, erməni lobbisinin diqtəsi ilə hərəkət edən Ermənistanın davranışlarında bəzi Qərb təşkilatlarının da rolu az deyil.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Naxçıvan, Kəlbəcər, Gorus istiqamətində Ermənistan tərəfindən hərbi təxribatın həyata keçirilməsi qarşı tərəfin sülhdə maraqlı olmadığının daha bir təzahürüdür: “2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyi tam təmin etməklə bölgədə münaqişənin bitdiyini elan edib. Görünən isə odur ki, Ermənistan və onun Fransa kimi havadarları regionda qalıcı sülhün formalaşmasında maraqlı deyil”.
Millət vəkili hesab edir ki, Azərbaycan bölgədə qalıcı sülhün təmin edilməsi üçün mövqeyini ortaya qoyub: “Ermənistan isə ərazi iddiası və işğal siyasətindən imtina etmək istəmir. Fransa və digər havadarlarının diqtəsi ilə Ermənistan köhnə ampulasındadır. Fakt bu gün həmin qüvvələr bölgədə yenidən qarşıdurma, gərginlik yaratmaq niyyətindədir. Bunun əyani təzahürü kimi Fransa və digər Qərb ölkələri tərəfindən Ermənistanın ardıcılıq olaraq silahlandırılması, ona hərbi müstəvidə edilən yardımları göstərmək olar”.
Sevinc Hüseynova bildirib ki, Ermənistanın öz havadarlarının təhriki ilə Azərbaycana qarşı olan təxribatçı davranışları sülh prosesinə zərbədir: “30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistan və bu ölkədə mövcud olan revanşistlər yenidən öz dağıdıcı missiyalarını həyata keçirmək iddiasındadır. Bütün bunlara baxmayaraq İrəvan üçün onun başlatdığı təxribatlar heç də uğurlu sonluq gətirməyəcək. Hərbi müstəvidə başlanacaq növbəti qarşıdurmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməklə yanaşı qarşı tərəf növbəti dəfə daha ciddi zərbə alacağını bilməlidir”.