Avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat partiyasinin sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə keçirilmiş görüş haqda məlumat yayılıb. Bu fakt bir daha göstərdi ki, müxalifət şəxsi mənafe və mənfəət naminə hər şeyə hazırdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, özünü müxalifət “lider”i sayan bu adamlar əksər halda hansısa ciddi, qərarların qəbul olunmasında iştirak edən şəxslərlə yox, hansısa səfirliyin 3-cü 4-cü dərəcəli işçiləri, hansısa beynəlxalq təşkilatın koordinatoru və s. ilə görüşərək öz səviyyələrini nümayiş etdirirlər: “Hansısa görüşdə xarici ölkə səfirinin iştirakı isə bu adamlar üçün ən böyük xoşbəxtlikdir, onlar özlərini önəmli, ciddi fiqur sayıb canla-başla hesabatlar vermək üçün növbəyə düzülürlər”.
Millət vəkili hesab edir ki, qərb ölkələri özlərində seçki prosesi olduğu zaman buna qarşı həddən artıq mühafizəkar davranış sərgiləyir: “MisaL üçün Trampın prezident seçilməsi zamanı “rusların müdaxiləsi” versiyası indiyə qədər ABŞ-da ən yüksək səviyyədə müzakirə edlir. Və ya Fransada son seçkilər zamanı tik-tokun bağlanması məsələsi belə qaldırılmışdı. Belə çıxır ki, Qərbdə seçkilərə xaricdən müdaxilə az qala dövlət təhlükəsizliyinə təhdid kimi qəbul edilir. Amma nədənsə elə həmin Qərb ölkələri Azərbaycan kimi dövlətlərdə seçki prosesinə nəinki müdaxilə etmək, hətta bu prosesi idarə etmək ididasındadır. Bunun üçün onlar açıq şəkildə müəyyən qüvvələri təlimatlandıra, iğtişaşlara çağıra bilər”.
Deputat bildirib ki, Azərbaycanda özünü “müxalifət” adlandıran bu qüvvələr xaricdən seçkiyə müdaxilə planlarına canla-başla, məmnuniyyətlə dəstək verir və sifarişləri qeyd-şərtsiz qəbul edir: “İş hətta o yerə çatıb ki, Azərbaycanın Ermənistana qarşı siyasətini istədiyi məcraya yönəltmək üçün Qərb müxalifətdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Əli Kərimlinin “sülh çağırışlarını” və rəsmi Bakını “aqressiv davranışda” ittihamlarına nəzər yetirəndə hər şey aydın olur. Azərbaycana faktiki olaraq Zəngəzur məsələsi, ermənilərin Qarabağa qayıdışı və s. istiqamətlərdə xaricdən olan təzyiqlərlə paralel daxildə də təzyiq üçün planlar qurulur. Və müxalifət qeyd-şərtsiz buna əməl edir”.
Məlahət İbrahimqızına görə, Azərbaycanda hər dəfə əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində olduğu kimi, COP29 ərəfəsində də gərginlik və narazılıq yaratmaq, hansısa problemi süni şəkildə şişirtmək planları işə düşüb: “Bu oyunlara vasitə olanlar isə buna razılaşırlar. Dərd odur ki, Əli, İsa, Arif və digərləri 90-cı illərdəki qaragüruhçuluq və xarici qüvvələr qarşısında köləlik psixologiyasındadırlar, bu 30 ildə dəyişməyiblər və bundan sonra da dəyişməyəcəklər. Onlar yenə də eyni simalarını və yanaşmaları qoyuyaraq xaricdən sifariş və pul müqabilində milli maraqların satmağa hazırdırlar”.