Avropa İttifaqının “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərməsi bölgədə yenidən gərginliyin yaranmasına xidmət edir. Sözsüz ki, “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi indiki halda sülh və təhlükəsizliyə başlıca maneədir. Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Avropa Birliyinin, ABŞ-ın, Fransanın Ermənistanı silahlandırması məkirli niyyətlərə hesablanıb: “Atılan bu addımlar regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. Ona görə də, Avropa İttifaqı Ermənistanın silahlandırılması, Cənubi Qafqaz regionuna geosiyasi rəqabətin gətirilməsi siyasətinə son qoymalıdır”.
Millət vəkili hesab edir ki, İrəvana bəlli dairələrdən edilən hərbi, siyasi yardımlar onları şirnikləndirib: “Görünən odur ki, son vaxtlar Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, London görüşündən imtina, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi bu xüsusda olan məsələlərdəndir”.
Aqil Məmmədova görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın “Zvartnos” hava limanına iki hərbi təyyarənin enməsi tamam başqa mətləblərdən xəbər verir: “Fakt odur ki, ABŞ-ın hərbi yük təyyarəsində Ermənistana yük və şəxsi heyət gətirilib. Bu yaxınlarda Avropa İttifaqının (Aİ) hərbi məqsədlə 270 milyon avro, ABŞ-ın isə 67 milyon dollarlıq maliyyə ayırması da heç də xoş niyyət üçün deyil. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhdən yayınmaq üçün müxtəlif vasitələrə əl atır. Amma qarşı tərəf unudur ki, atacağı addımlar onun özü üçün böyük fəlakətlərə yol aça bilər”.