Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vaxtilə Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlılarla bağlı mövqeyi qərəz üzərində qurulub. Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən T.Klaar növbəti dəfə erməni lobbisinin maraqlarından çıxış edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Çünki T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil edir. Bunun əksinə isə Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğu inkar olunur. Görünən odur ki, Aİ-nin nümayəndəsi insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” müəyyənləşdirib”, – deyə o əlavə edib.
Millət vəkili vurğulayıb ki, Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi qərəzli mövqeyi ilə T.Klaar təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyini bir daha təsdiq edir: “Sözsüz ki, Aİ rəsmisinin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması onların daxili ziddiyyətləri ilə bağlıdır. Aİ-ı münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm etməkdə çətinlik çəkir”.
Deputat bildirib ki, Aİ-nın Ermənistana hərbi yardım ayırması, Fransa kimi bəzi ölkələrin silah satması regionda yenidən gərginlik yaratmağa xidmət edir: “Bütün bunların fonunda Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyə xidmət edən mövqeyi Azərbaycan, eyni zamanda hüquqları pozularaq etnik təmizləməyə məruz qalmış yüz minlərlə Qərbi Azərbaycanlı tərəfindən qətiyyətlə rədd edilir. Aİ-nın rəsmisinin bu mövqeyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun deyil. Burada başlıca olaraq insanların hüquq bərabərliyi prinsipinə açıq şəkildə hörmətsizlik mövcuddur”.