Azərbaycan üçün sülhün və təhlükəsizliyin təmin edilməsi əsas prinsipdir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra Azərbaycan uzun on illiklər münaqişəyə baxmayaraq Ermənistana sülh təklif edib. Ermənistan isə sülh məsələsində həmişə olduğu kimi yenə də spekulyasiya ilə məşğuldur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu: “Məhz Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan-Ermənistan liderlərinin görüşünün baş tutmaması bir daha Ermənistanın danşıqlar prosesinə olan münasibətini göstərmiş oldu. Ermənistan baş naziri sülhdən danışsa da onun son davranışları açıq riyakarlığın nəticəsi idi”.
Millət vəkili hesab edir ki, Nikol Paşinyanın bu davranışı Böyük Britaniyaya qarşı hörmətsizlik, diplomatik etiketdən tamamilə uzaq və məntiqsizdir: “Bundan öncə də erməni tərəfi analoji hərəkətə yol vermişdi. Bu ilin fevralında Almaniyanın təşəbbüsü ilə keçirilmiş görüşdən sonra yaranmış mənzərə heç kəsin yadından çıxmayıb. Məhz bu məsələdən sonra Ermənistan Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edərək növbəti təxribatla əl atmaqla prosesi pozmuşdu”.
Məlahət İbrahimqızına görə, Nikol Paşinyanın bu davranışları Fransanın prezidenti Emmanuel Makronun diktəsi ilə eynilik təşkil edir: “Fakt odur ki, Paşinyan Makronun təlimatlarından kənara çıxa bilmir. Fransa prezidentinin ona başqa Avropa ölkəsinin liderinin vasitəçilyi ilə Azərbaycan Prezidenti ilə dialoq qurmağı qadağan edib. Bütün faktlar London görüşünün də məhz Makronun istəyi ilə pozulduğunu təsdiqləyir. Rəsmi Paris özünün Cənubi Qafqazda olan maraqları fonunda Ermənistanı bütün imkanları ilə qorumağa, onun vasitəsi ilə bölgədəki prosesləri pozmağa hədəflənib. Fransanın Ermənistanı davamlı olaraq hücum silahları ilə təchiz etməsi də bu reallığın tərkib hissəsidir. Amma bütün bunlara baxmayaraq nəhayət erməni tərəfi regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolunun qonşu ölkələrlə münasibətləri bərpa etməkdən ibarət olduğunu anlamalıdır”.