Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Bu müasir Azərbaycan tarixinin qürurlu inkişaf prosesinin bir parçası olmaqla yanaşı, milli şüurumuzun, milli kimliyimizin sahib olduğu dəyərlərə olan yüksək münasibətin tərənnümüdür. II Qarabağ müharibəsindən sonra tarixi günlər, möhtəşəm xronoloji bir təqvim yaşayırıq ki, Şuşada keçirilən bu mötəbər tədbir də xalqımızın yaddaşına əbədi yazılacaq bir hadisə oldu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladığını, bunun indiki reallıqda region və qlobal miqyasda açıq bir mesaj olduğunu qeyd edib: “Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib. Cənab Prezident İlham Əliyevin qonaqları Azərbaycanda, Qarabağda, mədəniyyət paytaxtımız Şuşada qarşılaması, onları salamlaması da qürurverici idi. Ölkəmizin başçısı Onun Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiklərinə və bu dəvəti qəbul edib Şuşa şəhərinə gəldiklərinə görə təşəkkürlərini çatdırıb. Vurğulanıb ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib”.
Təftiş Komissiyasının sədri ölkə başçısının da qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli olduğunu söyləyib: “Bu bir reallıqdır ki, TDT-yə üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Həmçinin hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət TDT-yə üzv ölkələrin böyük sərvətidir. Xalqların ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələri sıx birləşdirir. Təbii ki, bütün bunların fonunda XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Cənab Prezident də məhz bu kontekstdə Azərbaycanın ortaya qoyduğu yeni bir reallığın mahiyyətinə diqqəti yönəldib. 2023-cü ilin sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərqərar edilib. Bu mənada indiki halda Şuşada keçirilən TDT-nin Zirvə görüşü rəmzi məna kəsb edir. Çünki Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Cənab Prezident də Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsini Azərbaycan xalqının böyük faciəsi adlandırıb. Sözsüz ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad edib. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Artıq hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Ölkə başçısının Sərəncamı ilə 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunub. Eyni zamanda Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib”.
Sevinc Hüseynova 2021-ci ildə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinin Zirvə görüşündə ölkəmizin başçısı tərəfindən bir daha vurğulandığını söyləyib: “Həmçinin qonaqların diqqətinə çatdırlıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan edib. İndi isə bu torpaqlara həyat qayıdır. Bildirilib ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Sözsüz ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Eyni zamanda cənab Prezidenti tərəfindən bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcəyi və bununla bağlı görülən mühüm işlərdən də bəhs edilib. Qardaş türk dövlətlərinin liderləri ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbirinə dəvət edilib. Təbii ki, COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi naminə bütün imkanlarını səfərbər edəcək. Məhz Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünün nəticəsi olaraq imzalanan Qarabağ Bəyannaməsi də Azərbaycanın Türk dünyasının həmrəyliyinə və güclənməsinə vermiş olduğu ən böyük töhfə hesab edilir”.