Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin masada olduğu, delimitasiya işlərinə başlandığı bir vaxtda Fransanın Ermənistana ölüm saçan silahlar verməsi, bölgədəki kövrək sabitliyə birbaşa təhlükədir.
Siyasətinfo xəbər verir ki, bunu Turkustan.az-a Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, Fransanın bu canfəşanlığı Ermənistanın daxilində baş qaldırmış revanşist qüvvələrin aktivləşdiyi dövrə təsadüf edir: “Azərbaycanla Ermənistan arasında vasitəçilərsiz, birbaşa təmasların yaranması, delimitasiya ilə bağlı ilkin addımların atılması, müəyyən bir ərazidə artıq sərhəd xəttinin müəyyən edilməsi, sülhə doğru inamı artırır. Belə bir vaxtda, onillərlə özünü ATƏT Minsk Qrupunun həmsədri rolunda gizlətmiş Fransa, əsl xislətini ortaya qoyaraq, Ermənistanı silahlandırmaq kimi pozucu xətt götürüb. Diqqət etsək, Minsk Qrupunun digər həmsədrləri – ABŞ və Rusiyanın hazırda Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarına mövqeləri sağlamdır. Bu dövlətlərin rəsmiləri vaxtaşırı sülh gündəliyinə dəstəklərini ifadə edirlər. Fransa isə tamam başqa mövqe sərgiləyərək Cənubi Qafqaz regionunda yeni silahlanmaya rəvac verir. Görünən odur ki, Fransa Ermənistanı ölkəmizə qarşı müharibəyə hazırlayır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu missiyanı öz üzərinə götürüb. Ermənistana Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunun bir daha təsdiqidir”.
A.Məmmədovun sözlərinə görə Fransanın Ermənistanı silahlandırması qarşısında Azərbaycan səssiz qalmayacaq: “Bu gün qalib Azərbaycan diktə edən tərəfdir. Azərbaycanın Ermənistana ünvanlandığı sülh təklifi, kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritetlər sırasındadır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan bu reallığın fərqindədir ki, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməyib. Çünki Ermənistanda qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Bu sənədlərin mövcudluğu, eyni zamanda, Ermənistanın sülh müqaviləsinin imzalanmasına maraq göstərməməsinin təsdiqidir. Digər tərəfdən isə Ermənistanın hazırda Fransanın maraqlarının müdafiəçisinə çevrilməsi artıq vəziyyətin daha da gərginləşməsini şərtləndirir. Əgər Azərbaycana qarşı hər hansı hərbi təxribat baş verərsə, bunun cavabı və nəticələri Ermənistan üçün daha ağır olacaq. Bu gün Azərbaycan ordusu 44 günlük müharibədəki səviyyəsindən də güclüdür”.