Azərbaycan sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorundğu unikal bir məkandır. Məhz bunun bariz nümunəsidir ki, ölkəmiz beynəlxalq müstəvidə mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik dövlət kimi tanınır. Sözsüz ki, ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın dahi lideri ulu öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi sivilizasiyalar və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verib. Bu xüsusda Azərbaycan dünyada dialoqlar, dünya xalqlarının mədəniyyətlərinin inteqrasiyasına güclü təsir edəcək beynəlxalq tədbirlərin ünvanı kimi xatakterizə olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, zaman-zaman Bakıda tanınmış elm, din, ictimai-siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələr planetimizdə sülhün, əmin-amanlığın təmin olunmasına böyük təsir göstərib: “Məhz bunun bariz nümunəsi olaraq Azərbaycan bu gün sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilib. Eyni zamanda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün Azərbaycanın məkan seçilməsi ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqa, həmçinin humanitar forumların keçirilməsinə verdiyi dəyərin göstəricisidir. Azərbaycan bu gün həmçinin Şərq ilə Qərb arasında yalnız coğrafi körpü rolunu oynamaqla yanaşı əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri ölkəmizdə sülh şəraitində və ləyaqətlə yaşayıb, fəaliyyət göstəriblər”.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü də bu xüsusda mühüm tarixi önəm kəsb edir: “Görüşdə cənab Prezident Misirə rəsmi səfəri çərçivəsində yenidən burada olmağından və Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirdi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət etdi. Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bu münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissi ilə vurğulayaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini dedi. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir. Azərbaycan Prezidenti Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğuladı. Dövlətimizin başçısı, həmçinin vaxtilə Şuşada mövcud olmuş 17 məsciddən 16-sının işğal dövründə tamamilə dağıdıldığını dedi. Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu ziyarətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd etdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan Prezidentinin atmış olduğu bu addımlar İslam birliyinə həmrəyliyinə, sülhə, əməkdaşlığa və dinlərarası dialoqa mühüm töhfədir: “Bakıda dünya dini liderlərinin II Sammitinin keçirilməsi də bu baxımdan xüsusi önəm kəsb edir. Azərbaycan hər zaman İslam həmrəyliyinə mühüm töhfə verib. Məhz COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi tarixi əhəmiyyətə malikdir. Bu bir reallıqdır ki, tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirilib. Bu istiqamətdə atılan addımlar dinlər və mədəniyyətlər arasında birliyin, dialoqun təşviqinə xidmət edir”.