
Prezident İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında olduqca vacib mesajlar verib. Bu bir reallıqdır ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərir. Məhz Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr əsas hədəf kimi müəyyən olunub. Cənab Prezidentin də vurğuladığı kimi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” devizi ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də bunun bariz nümunəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi olduqca böyük tarixi əhəmiyyətə malikdir: “Sözsüz ki, türk dünyası ilə davamlı təmaslar birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addımdır. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Bu xüsusda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Təbii ki, indiki şəraitdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. İqlim məsələləri də bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün həm də böyük məsuliyyətdir. Qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə aparmaq olduqca faydalıdır”.
Deputat hesab edir ki, cənab Prezidentin də vurğuladığı kimi Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır: “Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər edib. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzulidə olub. Sözsüz ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunların fonunda azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə müşahidə edilir. Həmçinin azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, ölkə başçısının da qeyd etdiyi kimi bu gün azad edilmiş bütün tarixi torpaqlarımızda geniş quruculuq, abadlıq işləri aparılır: “Görülən bu işlər nəticəsində Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Artıq azad edilmiş torpaqlarda həyat bərpa olunur. 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıdıb. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq”.