Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Mayın 28-də – Müstəqillik Günündə Xocalı şəhərinə ilk qayıdan sakinlərlə görüşüb. Uzun həsrətdən sonra öz dogma ocaqlarına qayıdan xocalılara mənzillərin açarları təqdim edilib. Sözsüz ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən xocalılara öz evlərinin açarlarının təqdim olunması, onlarla səmimi görüş xalqımızın yaddaşında əbədi qalacaq.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezidentin də dediyi kimi Böyük Qayıdışın Xocalı mərhələsi başlayıb: “İşğalçı Ermənistan tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılara dinc sakinlərə, qadın və qocalara, körpə uşaqlara amansız şəkildə divan tutulmuşdu. Erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdi. Təbii ki, məqsəd Azərbaycan xalqının mübarizə əzmini qırmaq, torpaqlarımızın işğal siyasətini reallışdırmaq kimi məkirli, qanlı niyyətlə bağlı idi. 30 ildən artıq Xocalılar öz yurd-yuvalarından didərgin, qaçqın və məcburi köçkün şəraitində yaşayıb. Amma bu gün haqdan, ədələtdən, insan haqlarından dəm vuranlar Azərbaycan xalqına qarşı XX əsrdə törədilmiş qanlı faciyəyə, deportasiya siyasətinə, soyqırım aktına görə heç bir halda reaksiya verməyib. Bu hadisələrin insan haqqları kontekstində belə qiymətləndirilməsinə çalışılmayıb”.
Deputat bildirib ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə xalqımızın pozulmuş hüquqlarını, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi: “Dövlətimiz təkbaşına beynəlxalq hüququn bərqərar olunmasına nail oldu. Bu Azərbaycan xalqının ona məxsus olanı heç bir vaxt, heç kəsə güzəştə getməmək prinsipiallığı, malik olduğu sarsılmaz dəyərləri qorumaq prinsipindən qaynaqlanan mühüm amilləri özündə ehtiva edir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi müasir Azərbaycan tarixinin şanlı Zəfərə salnaması ilə yadda qaldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin suverenliyinin, konstitusiya quluşunun tam bərpa edilməsi ilə başa çatdı”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyev ötən il 15 oktyabrda Xocalıda, Xankəndidə və digər azad edilən ərazilərimizdə şanlı üçrəngli bayrağımızı ucaltması tadixi hadisə idi: “Bu xocalıların, minlərlə şəhidlərimizin, günahsız qurbanlarının ruhunun şad olduğu bir gün oldu. Azərbaycan xalqı həmin günü tariximizin ən şanlı tarixi səhifələrindən biri kimi yüksək qiymətləndirir. Məhz 28 Mayda Müstəqillik günündə Xocalıların öz evlərinə qayıdışı, bu qaydışda cənab Prezidentin və çox hörmətli Mehriban xanımın iştirakı unudulmaz məqamlardan, qürurverici anlardan oldu. Eyni zamanda bu il ilk dəfə olaraq Xocalı soyqırımının 32-ci ildönümü məhz Xocalı şəhərində anılmışdı. Bu il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdü. Xocalı şəhərində bərpa-quruculuq işlərinə start verildikdən cəmi bir neçə ay sonra keçmiş məcburi köçkünlərin qayıdışı isə olduqca böyük bir məna kəsb edir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, artıq doğma Xocalıya qayıdan xocalıların sevincinin həddi-hüdudu yoxdur: “Xalqımız bu tarixi hadisəyə çox sevinir. Soyqırıma məruz qalmış, hər bir insanımızın ürəyində nisgil yaratmış Xocalıya 32 ildən sonra həyat qayıdıb. Bundan qürurlu, sevincli hadisə ola bilməz. Biz xalq olaraq bütün bunlara cənab Prezidentin müdrik siyasəti, uzaqgörənliyi Dəmir Yumruğun qüdrəti sayəsində nail olmuşuq”.