Fransa özünün qaranlıq keçmişi, soyqırım cinayətlərinə görə dünya xalqlarından üzr istəməlidir. Bu ölkənin Afrikada və müstəmləkəçilik siyasəti həyata keçirdiyi digər ölkələrdə qanlı, insanlıq əleyhinə cinayətləri, soyqırım siyasəti ilə bağlı inkar edilməz faktlar mövcuddur. Fakt odur ki, bu gün də Fransa öz maraqları naminə istismar etdiyi bölgələrdə yerli xalqların mənafeyini zərrə qədər nəzərə almır və özünün qanlı müstəmləkəçilik ənənələrini davam etdirir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, müstəmləkəçilik, yaxud kolonializm bəşər tarixinin üz qarasıdır: “Təəsüf ki, Fransa bu gün özünün qanlı əməllərindən əl çəkmir. Çünki rəsmi Paris özünün gəlirləri və maraqları naminə xalqlara müstəmləkələrdə divan tutur, onların fundamental hüquqlarını tapdalayır. Yeni Kaledoniyada baş verənlər məhz bu qanlı siyasətin bariz nümunəsidir. Hər kəsə bəllidir ki, Fransa Yeni Kaledoniyada müstəmləkəçiliklə yanaşı nikel uğrunda böyük güclərlə mübarizə aparır”.
Deputat hazırda Yeni Kaledoniyada Fransanın apardığı məkilri siyasətə qarşı yerli xalqların mübarizə apardığı bildirib: “Yeni Kaledoniyada baş verən son etirazlara səbəb də məhz Fransanın məkirli niyyətinə qarşıdır. Çünki Fransa Yeni Kaledoniyada yerləşənlərə ən az 10 il yaşamaq şərtilə səsvermə hüququ vermək istəyir. Bu isə o deməkdir ki, yerli əhali olan kanakların səsi, siyasətə təsirləri əhəmiyyətli dərəcədə azalacaq. Sözsüz ki, burada əsas məqsəd Fransanın Yeni Kaledoniyanı nəyin bahasına olur-olsun əldə saxlamaq niyyəti ilə bağlıdır”.
Millət vəkili Fransanın Yeni Kaledoniyaya xammal mənbəyi kimi baxdığını söyləyib: “Reallıq odur ki, dünyada təsbit edilmiş nikel yataqlarının 25 faizi Yeni Kaledoniyada yerləşir. Bu gün nikelin 1 tonu dünya bazarında 21150 dollardır. Nikel yaşıl enerji və elektrik avtomobillərinə keçid üçün əsas faydalı qazıntılardan biri hesab edilir. Ona görə də, Fransanın niyə Yeni Kaledoniya ilə bağlı bu qədər əldən-ayaqdan getdiyi tam mənasında üzə çıxmış olur. Rəsmi Paris ancaq özünün maraqları naminə başqa xalqların hüquqlarını və azadlıqlarını heçə sayır”.
Məlahət İbrahimqızı hesab edir ki, Fransa daxili işlər naziri Cerald Darmanin Yeni Kaledoniyada baş verən kütləvi nümayişlərə görə Azərbaycanı ittiham etməsi isə tamamilə əsassızdır: “Fransa uzun müddət Azərbaycana qarşı əsassız mövqe tutub və bu siyasətini indi də davam etdirir. Separatizmə, Ermənistanın işğal siyasətinə hər zaman qahmar çıxan Fransa nəhayət özünün iyrənc siyasətinə görə gec-tez cavab verəcək”.