
Fransanın Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa keçmiş Dağlıq Qarabağ münaqişənin 30 illik dövründə Ermənistana himayədarlıq edib. Rəsmi Paris hər zaman işğalçının yanında olub, işğala, terrora, separatizmə, soyqırım həyata keçirən dövlətə dəstək verib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib: “Bölgədə Ermənistanın işğal faktına, separatizmə son qoyulub. Hər zaman erməni kartından istifadə edən, erməni lobbisinin göstərişi ilə addımlayan Fransa bu reallığı heç cür qəbul etmək istəmir. Ona görə də, Paris, Emannuel Makron iqtidarı davamlı olaraq Azərbaycana qarşı əsasssız iddialarla çıxış edir”.

Deputat bildirib ki, bu günlərdə Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə əsassız idi: “Fransa dövləti Azərbaycana qarşı olan ritorikadan əl çəkməlidir. Bu ölkə nəhayət Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymalıdır. Fransa daxili işlər naziri öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik, soyqırımı siyasətinin ağır nəticələrindən utanmalıdır”.
Məlahət İbrahimqızı bu gün Fransa hökumətinin başda Makron olmaqla hər bir üzvünün ermənidən çox ermənilik etdiyini söyləyib: “Fransada olan erməni lobbisinin diqtəsi ilə hərəkət edən Makron komandası bunun öz ölkələrinin imici və maraqları üçün nə dərəcədə təhlükəli olduğunun fərqinə varmalıdır. Fransadan fərqli olaraq Azərbaycan bu gün bölgədə sülhü və təhlükəsizliyi təşviq edir. Parisin hər addımda dəstəklədiyi Ermənistanla Azərbaycan arasında sülh və sərhədlərin dəqiqləşdirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Yaxşı olardı ki, Fransa bölgədə formalaşmaqda olan daimi sülh üçün bu kimi təxribatçı mövqeyindən əl çəksin”.