Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Almaniyaya işgüzar səfərə gedib. Bu səfər tarixi əhəmiyyət kəsb edir. Ölkəmizin başçısının təyyarəsi azad edilmiş torpaqlarımızdan Füzuli Beynəlxalq Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirib. Məhz bu baxımdan səfərin önəmi olduqca böyük idi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, azad edilmiş torpaqlarımızın beynəlxalq arena üçün əhəmiyyəti gündəmdədir: “Ölkəmizin başçısının Almaniyada “Petersberq İqlim Dialoqu” çərçivəsində təşkil edilən tədbirlərdə çıxışı, verilən mesajlar xüsusi ilə diqqəti çəkir. Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın önəmindən bəhs edilib. Bu istiqamətdə mütəmadi əsasda məsləhətləşmələrin aparıldığı müsbət hal kimi qiymətləndirilib. Almaniyadan Azərbaycanın COP29-a sədrliyi olan bağlı mövqeyinin müsbət xarakterizə olunduğu bildirilib. Cənab Prezident COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə təşəkkürlərini çatdırıb. Bu istiqamətdə atılan addımların ümumi maraqlara xidmət etdiyi vurğulanıb”.
Deputat Almaniyada dövlətimizin başçısı tərəfindən COP29-un Azərbaycanda keçirilməsinin formalaşdırdığı yeni reallıqları bir daha diqqətə çatdırdığını söyləyib: “Prezident İlham Əliyev COP29-un Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəldiyini bildirib. Ölkəmizin başçısı həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini bir daha qeyd edib. Məhz Münxendə keçirilmiş görüşün nəticəsinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verməsi amili də bu xüsusda önə çəkilib”.
Sevinc Hüseynova bir müddət öncə Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını xatırladıb: “Bütün bunlar Almaniyanın tutmuş olduğu birmənalı mövqe ilə izah olunur. Çünki aparılan bu danışıqlar da sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması üçün vacib addım idi. Bu yaxınlarda Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurlar da Almaniyada keçirilmiş görüşlərdə gündəmə oldu. Bunun müsbət addım olmaqla yanaşı regionda sabitliyin təminatına xidmət etdiyi vurğulandı. Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərin bundan sonra da davam etdiriləcəyi, ölkəmizin sülh gündəliyinə sadiq olduğu qeyd edildi”.