ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatındakı Azərbaycanla bağlı verilən açıqlama ABŞ-ın aciz və gülünc vəziyyətindən xəbər verir.
Bu açıqlama bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Qarabağ münaqişəsinin otuz il sürməsində maraqlı imiş. Yəni bu münaqişənin həll edilməsində mandata malik bu ölkə işğala məruz qalandan, ədalətdən, beynəlxalq hüquqdan yana deyil, əksinə işğalçının tərəfində, işğalçının müdafiəçisidir. Bu isə dünyaya demokratiya, insan haqqları ilə uzun illərdən bəri dərs verən ölkənin ikiüzlüyünü sübut edir. Əslində Azərbaycan dövlətinə də, Azərbaycan xalqına da artıq bəzi beynəlxalq təşkilatların, ABŞ və Fransa kimi dövlətlərin ikili standartlı yanaşması bəllidir. Əfqanıstanda, Orta Doğuda, Suriyada, Liviyada, Qəzada məsum insanlara, uşaq və qadınlar qarşı törədilmiş qanlar və hərbi cinayətlərdə ABŞ-ın məsuliyyəti və iştirakı gizli və yeni xəbər deyil.
Bu mənada hansı haqla ABŞ-ın Dövlət departamenti və Konqresi Azərbaycanın haqlı davasına başqa don geydirə bilər? Bu tamamilə qəbuledilməzdir və ABŞ-ın bu qurumlarının rüsvayçılığıdır. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, məhbuslara qarşı rəftardan, ifadə və media azadlıqları sahəsindəki durumdan bəhs olunur. Bu fikirləri yazan ABŞ-ın dövlət departamenti buna dair bir kadr və ya fakt göstərsin.
Sənəddə vurğulanır ki, guya Azərbaycan hökuməti insan haqları pozuntularını törədən bu məmurların cəzalandırmalı imiş. Eyni zamanda 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib. Birincisi hesabatı ABŞ rəsmiləri ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycan xalqına hesabat verməlidirlər ki, niyə bu münaqişəni həll etmədilər, əksinə otuz il uzatdılar?
Azərbaycanda qanunsuz həbslər, məhbusların elementar hüquqlarının pozulması, onlara qarşı pis rəftardan, hüquq-mühafizə orqanlarında korrupsiya və cəzasızlıqdan yazan Dövlət Departamenti yaxşı olar ki, qulaqlarının dibində olan Meksika ilə sərhəddə və Qvatemala həbsxanasında baş verən cinayətlərdən və ya korrupsiyalaşmış senator Menendesin cinayət əməllərindən yazsınlar.
Ümumiyyətlə bu hesabatda istər ki, Azərbaycanla bağlı istərsə də başqa ölkələrlə bağlı yazılmış şişirdilmiş faktlar ABŞ-da on dəfələrlə çoxdur. Bunu hər kəs bilir və bu hesabatlar da nəyə görə hazırlanır məlumdur.
Hesabat yazanlar və sifarişçilər hələ də anlamır ki, daha dünya həmin dünya deyil. Həqiqətən də Dövlət Departamentinin hesabatını oxuduqca ABŞ-ın necə aciz və gülünc vəziyyətdə olduğunun şahidi olursan. ABŞ-ın uzun illərdir eyni münasibətli və qərəzli yanaşmalı hesabatları artıq beynəlxalq ictimaiyyətə də məlumdur.
Azərbaycan dövləti həyata keçirdiyi daxili və xarici siyasəti ABŞ-ın dövlət marağanı uyğun deyil, Azərbaycan xalqının və dövlətinin milli maraqlarına uyğun həyata keçirir. Rüsvayçılıq və qərəzlilik bir də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ölkəmizə qarşı təzyiq və təhdidlərə səbəb olub. ABŞ konqresinə Azərbaycanın 40-a yaxın rəsmi şəxsinə sanksiyanın tətbiq olunacağı layihənin təqdim olunması həqiqətən gülünc hadisədir. Bu, Amerikanın gücsüzlüyünün, zəifliyinin və acizliyinin göstəricisidir. Nəyə görə sanksiya tələb olunduğu bilinmir, daha doğrusu bilinir, ABŞ dünyada heç vaxt sülhün tərəfdaşı olmayıb, təhlükəsizliyin və sabitliyin təmin olunması uğrunda deyil, əksinə “parçala və hökm sür” siyasəti ilə xalqları məhvə doğru aparan bir yol seçib. Bir daha qeyd edirəm onlar son on illiklər ərzində Əfqanıstan, Suriya, İraq və Orta Şərqdə, törətdikləri əməllərinə baxsınlar. Məhz belə bir sanksiyalar paketinin konqresə təqdim edilməsi ABŞ-ın zəifliyinin və gücsüzlüyünün göstəricisidir. Həmçinin, bunu ABŞ-ın Azərbaycana qarşı qərəzli və ermənipərəst mövqeyi kimi qiymətləndirmək olar.
Ötən 30 il ərzində Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal altında saxlanmasının həlli istiqamətində ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi işğala məruz qalan dövləti dəstəkləməsə də, ən azından işğalçı dövləti dəstəkləmədən neytral mövqe tutmalı idi. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra ABŞ siyasətinin əsil mahiyyəti, necə deyərlər, “Xoruzun quyruğu göründü”. Ötən ilki Xankəndi zəfərindən sonra artıq bütün maskalar düşdü. Necə olur ki, ABŞ öz sərhədlərindən minlərlə km məsafədə terrorizmə qarşı mübarizə aparır, daha doğrusu qaranlıqda qara pişik axtarır? Amma Azərbaycan öz ərazisində antiterror əməliyyatı apara bilmir. Artıq Azərbayacn ictimaiyyəti bu ikili standartları çox yaxşı anlayır.
Sanksiya tətbiq olunması nəzərdə tutulan siyahıda Azərbaycanın elə bir rəsmi dövlət adamlarının, çox nüfuzlu şəxslərinin adı keçir ki, Azərbaycan xalqında, Azərbaycan ictimaiyyətində ABŞ-a və ABŞ rəsmilərinə qarşı ciddi qəzəb doğurur. Yəni, Azərbaycanın dövlətçiliyinin, ərazi bütövlüyünün, suverenliyinin uğrunda gecəsini gündüzünə qataraq, bildiyimiz və bilmədiyimiz xidmətləri ilə böyük fədakarlıqlar göstərən Hikmət Mirzəyev, Əli Nağıyev kimi Azərbaycan xalqının qəhrəman oğullaranın bu siyahıda olması Azərbaycan cəmiyyətinin, Azərbaycan ictimaiyyətinin haqlı olaraq ABŞ-a qarşı kəskin qəzəbinə səbəb olub. Bu qəhrəmanlar təkcə Azərbaycanın deyil, həm də Türk və İslam dünyasının qürur duyduğu qəhrəmanlardır. Çünki onlar “Vətəni sevmək imandandır” prinsipi ilə torpaqlarımızın işğaldan azad olunmasında, dövlətçiliyimizin qorunmasında, suverenliyimizin bərpa olunmasında prinsipial və amansız mövqe tutaraq Azərbaycana kəc baxan gözlərə lazımınca cavab veriblər.
Bu, bir daha göstərir ki, ABŞ bölgədə nə sülh və barış, nə təhlükəsizlik və stabillik, nə də inkişaf istəyir. Cənubi Qafqaz kiçik bir bölgədir və Azərbaycanla Ermənistan öz aralarında dil tapıb, münasibətlərin tənzimlənməsində xoşməramlar göstərirlər. Son günlərdə, danışıqlarla Qazaxın 4 kəndinin işğaldan azad olunması buna böyük bir nümunə və sübutdur.
Qeyd etmək istəyirəm ki, Nyutonun “təsir əks-təsirə bərabərdir” qanununda olduğu kimi ABŞ-ın Azərbaycana qarşı olan bu mövqeyinə Azərbaycan xalqı tərəfindən eyni cürə adekvat münasibət göstəriləcəkdir.
Bir daha ABŞ konqresinin Azərbaycana qarşı göstərdiyi bu qərəzli mövqeyini pisləyirəm.
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü,
Milli Məclisin deputat
Məlahət İbrahimqızı