
NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza rəsmi səfəri ilk olaraq Azərbaycandan başlaması mühüm önəm kəsb edir. Azərbaycan bu gün regionun iqtisadi və ordu cəhətdən ən güclü dövlətidir. 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə son qoymuş, ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün bölgədə söz sahibidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev martın 17-də ölkəmizdə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq birgə mətbuata verdiyi bəyanatında bir çox vacib məsələlərə toxunulub: “Azərbaycanın NATO ilə aparılan dialoqu uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi mövcuddur. Bu müddətdə Azərbaycanla NATO arasında olan tərəfdaşlıq müsbət xarakterizə edilir. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Sözsüz ki, bu ölkəmiz, hərbi qulluqçularımız üçün böyük təcrübə idi. Bu bir reallıqdır ki, 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz Azərbaycan hərbi qulluqçuları olub. Bu amillər ölkəmizin əməkdaşlığa və münasibətlərə olan sadiqliyinin nümayişi hesab olunur”.

Millət vəkili bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrdə aparılan islahatlar artıq öz müsbət nəticələrini verib: “Bunun nəticəsində ölkəmiz müdafiə imkanlarını müasirləşdirir və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirir. Sözsüz ki, uzun illər davam edən müzakirələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışılırdı. Artıq üç ildən çoxdur ki, bu məsələ həll olunub. Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Beləliklə ölkəmizin ərazisi üzərində tam suverenlik bərpa edilib və uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsi formalaşdırılıb. Azərbaycan bu müstəvidə BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək keçmiş münaqişəni hərbi-siyasi yolla həll edib”.
Deputat cənab Prezidentin də vurğuladığı kimi hazırda ölkəmizin Ermənistanla sülh danışıqlarının fəal mərhələsində olduğunu söyləyib: “II Qarabağ müharibəsindən sonra da sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsü ilə baş tutub. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Ölkəmizin başçısının da bildirdiyi kimi “Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq”.
Məlahət İbrahimqızı vurğulayıb ki, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Təbii ki, qarşıdan gələn illərdə Azərbaycanın tərəfdaşlarının sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi rolunu yüksək dəyərləndirir. Eyni zamanda Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilib. Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisi hesab olunur. Sözsüz ki, zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırmaqla bu sahədə böyük hədəflərə nail olacaq”.