Ölkəmizdə həyata keçirilən dərin siyasi islahatlar qanunverici orqanı da əhatə etdi. Bu Mənada 2020-ci ilin fevral ayının 9-da Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi, Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi hesab edilir. Çünki ölkədə həyata keçirilən islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Sözsüz ki, islahatları dərinləşdirmək üçün vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək vacib addım kimi qəbul edilirdi.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar kursunun davamı kimi xarakterizə olunur: “Məhz bu amil ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkminləşdirilməsinə və yeni tərkibidə təşkil edilməsinə xidmət edib. Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşıb. Təbii ki, üç il öncə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ölkənin ictimai-siyasi həyatında olduqca mühüm hadisə kimi yadda qaldı. Xüsusilə, VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı ölkəmizdə aparılan islahatların uğurla davam etdiyini və qanunverici hakimiyyətin təmsilçisi olan Milli Məclisin, bu islahatların həyata keçirilməsində öz töhfəsini verəcəyinə olan inamın göstəricisi idi. Ölkə başçısı parlamentin ilk iclasındakı çıxışında “…növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək” olduğunu vurğulamışdı. Məhz ötən üç il ərzində yeni tərkibdə formalaşmış VI çağırış Milli Məclisin fəaliyyəti ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri ilə diqqət çəkib. 2020-ci ilin 9 fevral seçkilərində ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi işində daha böyük rol oynayıb. Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub”.
Deputat deyib ki, atılan bu addımlar dövlət başçısının həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır: “Artıq müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur, Bu amil Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev parlamentdə çıxışında bildirmişdir ki, “siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz”. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşıb. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdirilir. Sözsüz ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Azərbaycanın BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkata sədrliyi çərçivəsində gördüyü işlər eyni zamanda Təşkilatın Parlament Şəbəkəsinin formalaşması da bu xüsusda qeyd edilə bilər. Məhz, Azərbaycanın sədrliyi dövründə ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu Şəbəkənin ilk iclasının 2022-ci ilin iyun ayında Bakıda keçirilməsi yeni formalaşmış Azərbaycan parlamentinin tarixində Qoşulamama Hərəkatına üzv dövlətlərin Parlament Şəbəkəsi ilə sıx əməkdaşlıq baxımından mühüm önəm kəsb edir”.
Təftiş Komissiyanın sədri vurğulayıb ki, bütün bunların fonunda dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir: “Prezident İlham Əliyevin parlamentin ilk iclasında çıxışı zamanı qeyd etdiyi kimi, “siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır”. İqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Sözsüz ki, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilib. Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də Parlamentin rolunun vacibliyi qeyd olunub”.
Millət vəkili hesab edir ki, ötən 4 ilin ölkə həyatında fövqəladə önəmli hadisələrlə zənginliyi hər kəsə məlumdur: “Pandemiya şəraitində davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi parlament tərəfindən zəngin bir təcrübə kimi ortaya qoyuldu. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri dövründə Milli Məclis Azərbaycan həqiqətlərinin dünya parlamentlərinə çatdırılmasında mühüm işlər görüb. Parlament diplomatiyası sayəsində Azərbaycan həqiqətləri dünyanın aparıcı təşkilatları, qanuverici orqanları məlumatlandırılıb. Post-müharibə dövründə də Azərbaycan parlamenti erməni tərəfinin yaratmış olduğu mina təhlükəsi, sülhdən yayınmaq üçün atdığı pozucu addımların beynəlxalq ictimaiyyətə çatdırılmasında da parlament üzərinə düşən vəzifələri uğurla icra edib”.
Sevinc Hüseynovaya görə, sözsüz ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı, xol xəritəsi kimi də xarakterizə olunur: “Çünki həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilir. Ölkəmizin 2020-ci ilin 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar olunub. Dövlətimizin bütün sərhədlərində və ərazisində şanlı, qalib Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Azərbaycanın yaratmış olduğu yeni reallıq regionda sülhü, təhlükəsizliyi, qarşılıqlı əməkdaşlığı təşviq edir. Bütün bunlar hərtərəfli inkişaf edən güclü və qalib Azərbaycanın ortaya qoyduğu, müəyyənləşdirdiyi yeni bir reallıqdan qaynaqlanır”.