Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıb. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş uğurlu gender siyasəti çox ugurla həyata keçirilir: “Ölkəmizdə bununla bağlı inkişafı təmin edən və təkmilləşdirilən hüquqi baza mövcuddur. “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılıgının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Gender siyasətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləgv olunması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində ölkədə mühüm addımlar atılıb. “Azərbaycan qadınlarının rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata kecirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradıb. Hazırda Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutur. Ölkənin bütün sahələrində və hakimiyyətin qollarında təmsil olunur. Həmçinin bu gün Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti, milli təhlükəsizlik, hüquq-mühafizə orqanlarında, ordu sıralarında, təhsil, səhiyyə, kənd təsərrüfatı, idman, informasiya və kommunikasiya texnologiyaları sahələrində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunur və ölkənin inkişafında mühüm rol oynayır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı.Onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib”.
Millət vəkili bildirib ki, ölkəmizin birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi olan Mehriban xanım Əliyeva fəaliyyəti bariz örnək hesab olunur: “Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.
Təftiş Komissiyasının sədri vurğulayıb ki, qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir: “Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Bu mənada Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz payı var. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir: “Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”.
Sevinc Hüseynova söyləyib ki, Azərbaycan qadınının ugurlu fəaliyəti təmsil etdiyi Partiyaya da ugur gətirir: “Bu baxımdan da, YAP digər partiyalar üçün örnəkdir. Bu gun Azərbaycan qadını ölkə tarixinin ən qururlu günlərini yaşayır. Azərbaycan Prezidenti, Müzəfər Ordumuzun Yenilməz Sərkərdəsi, Qələbə Salnaməsinin yaradıcısı olan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə qadınlarımızın tərbiyə etdiyi övladlar 30-illik həsrətə son qoydu. Zəfərlə nəticələnən “Dəmir Yumruq” əməliyyatı və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirlərində qazandığımız tarixi zəfər xalqımızı ən ümdə və müqədəs arzusuna çatdırdı. Erməni faşistlərinin işgalı altında olan tarixi torpaqlarımız azad olundu. Hazırda qadınlarımız erməni vandalları tərəfindən talan olunmuş ərazilərin çiçəklənən diyara çevrilməsi prosesində də ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və bu sahədə üzərinə düşən vəzifələrı əzmlə həyata keçirirlər”.