Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində erməni cinayətkarlarından qisasımızı alsaq da, keçən ilin 19-20 sentyabr ayında həyata keçirilən uğurlu anti-terror əməliyyat zamanı şərəfli Milli Ordunuz Xocalı soyqırımını törədən erməni faşizmini əbədi məzarlığa gömdü. Bu qatillərin və qətliyamların təşkilatçılarının bir qismi, indi Azərbaycanda ədalət məhkəməsinin qərarını gözləyir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Xocalıya qayıdış keçən ilin 19-20 sentyabr ayında həyata keçirilən uğurlu anti-terror əməliyyatı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz iradəsi, məğlubedilməzliyi, prinsipiallığının, güclü diplomatiyasının təntənəsi idi: “Bu bir gerçəklikdir ki, işğalçı müharibələrin bəşəriyyətə verdiyi ən ağır faciə, ən pis xəstəlik, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə və heç vaxt sağalmayan yaraları yadda qalır. Bu mənada erməni faşizminin Azərbaycan xalqına qarşı XX əsrdə törətdiyi dəhşətli Xocalı faciəsi Holokost, Xatın soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Bu faciə erməni millətçilərinin, dünya erməniliyinin son iki yüz il ərzində azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri böyük bir imperialist planın bir mərhələsi və hissəsidir. Ötən dövr ərzində zaman-zaman xalqımıza qarşı həyata keçirilən bu çirkli və insanlığa qarşı cinayət olan bu plan çərçivəsində deportasiyalar, etnik təmizləmələr və soyqırımlar törədilib. Erməni faşizmi bu cinayətləri bugünkü Ermənistan ərazisində başa çatdırdıqadan sonra, Azərbaycanın ayrılmaz torpaqları olan Qarabağda, məhz Xocalıda bu faciəni törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Eyni ssenari tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycanda da törədilmiş və bu cinayətlır dayandırılmadığına görə Azərbaycan ərazisində davam etdirilib. Bütün bunlara baxmayaraq məkrli və hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi”.
Deputat bildirib ki, XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub: “Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində “Dənizdən-dənizə böyük Ermənistan” planını həyata keçirmək istəyirdilər. Ermənilər öz planlarını həyata keçirmək üçün azərbaycanlıları İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışmış və bu yolda hər bir alçaqlığa əl atıblar. Ermənilər bütün dövrlərdə öz törətdikləri cinayətləri başqalarının üzərinə atmağa çalışmış, dünyanın və Avropanın diqqətini əzabkeş bir xalq obrazına cəlb edə biliblər. Əsrlərdən bəri erməni mənfurlarının azərbaycanlıların və türklərin başına oyun açıblar. 1905-1908-ci illər, 1918-ci və 1948-1953-cü, 1988-ci ildə Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalması, deportasiyası və soyqırım ermənilərin faşist xislətindən irəli gəlib. Keçmiş Dağlıq Qarabağ münaqişəsi fonunda da ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın Dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Xatırlatmaq lazımdır ki, XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunub və yaşanıb.
Bu mənada 1992-ci ilin 26 fevral tarixində erməni faşistlərinin törətdiyi Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görüblər. Belə ki, 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənib, yüksək mövqelər ermənilər tərəfindən tutulub. Bütün bunlara baxmayaraq, o dövrdəki səriştəsiz və Moskvapərəst ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Həmsöhbətimiz deyib ki, Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib. İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılıb, mütəxəssislərdən ibarət komissiya təşkil edilib. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib. Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilib. Xocalıda törədilmiş soyqırım əslində Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bu, həm də erməni faşizminin daha böyük itkilər törədəcəyinin başlanğıcı idi. Xocalı faciəsinin qarşısının alınması naminə yüzlərlə qəhrəman Azərbaycan oğulları, öz canlarından keçərək şəhidlik-vətənpərvərliyin ən uca zirvəsinə ucaldı. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: “Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır. O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir! Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə təcavüzkar Ermənistandan, erməni faşizmindən bütün törədilən cinayətlərin qisasını aldı. Lakin Azərbaycan xalqının beynəlxalq ictimaiyyətdən və təşkilatlardan bu gün də istəyi Xocalıya ədalət!
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir: “Son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur.
Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. 2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir.Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib”.
Məlahət İbrahimqızı ötən ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı, Xankəndi Əsgərən, Ağdərə və Xocavənddə şanlı üç rəngli bayrağımızın dalğalandırıldığını bildirdi: “Müzəffər Ali Baş Komandan tərəfindən Xocalıda, Xankəndidə və digər ərazilərimizdə ucaldılan şanlı bayrağımızın bu torpaqlarda günahsızcasına şəhid edilmiş övladlarımızın, şəhidlərimizin əziz xatirəsinə ən böyük töhfədir. Xocalıda bu gün Azərbaycan bayrağı qürurula dalğalanır. Artıq vandalizmin izləri silinir. Xocalının əsl sakinlərinin qayıdğı burada əbədi xoşbəxt yaşaması üçün zəruri, tikinti-quruculuq işləri həyata keçirilir. Xocalı soyqımırımı qəlbimizdə dərin yaralar buraxsa da II Qarabağ müharibəsi və bir günlük anti-terror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ona görə də, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda qurban gedən bütün şəhidlərimizin ruhu şaddır. Sözsüz ki, müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Əminik ki, ildən ilə dövlətimizin gücü və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nüfuzu ilə insanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı soyqırımına ədalətli siyasi, hüquqi qiymət veriləcək və cinayətkarlar layiqincə cəzalandırılacaq.