Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır. Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirlərinə əsasən deyə billərik ki, həmrəylik gününün təsis edilməsi dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub. Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirib. Xalqımızın ötən əsrin 80-ci illərindən başlatdığı milli-azadlıq hərəkatı bunun əyani təzahürüdür. Müstəqilliyi bərpa etmək, torpaqlarımızı yadelli işğallardan qorumaq üçün atılan addımlar bu gün tariximizin şanlı səhifələrindən bir kimi yüksək səviyyədə hörmət və ehtiramla qeyd edilir. 1989-cu ilin dekabrından başlanan hərəkat daha sonra özünün xarakterinə görə, azadlıq, müstəqillik mahiyyəti kəsb etməyə başladı. Xalq öz milli kimliyini bir daha ortaya qoydu”.
Millət vəkili bildirib ki, 1990-cı ilin 20 yanvar faciəsi zamanı da xalqımız bütün təhlükələrə, maneələrə, çətinliklərə baxmayaraq şəhidlərimizə böyük sevgi və ehtiramını nümayiş etdirdiyini söylədi: “Həmin hadisələrin səhərisi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıdakı qanlı qırğına öz etirazını bildirən ulu öndər Heydər Əliyev bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasına misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyevin o dövr bütün təhlükələrə rəğmən cənab İlham Əliyevlə birlikdə xalqımıza qarşı törədilmiş bu qanlı terror hadisəsinin əsl mahiyyətinin beynəlxalq ictiamiyyətə çatdırılması, günahkarların cəzalanmasını tələb etməsi böyük cəsarət tələb edirdi. O zaman ulu öndər Heydər Əliyevin verdiyi bəyanatlar xalqda xüsusi hisslər yaratdı. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara inam verdi. Vətənə qayıdan ümummilli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Ali Məclisinin sədri kimi dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib. Bununla da bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir”.
Deputat hesab edir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının varlığının, kimliyinin açıq tərəünnümü kimi də xarakterizə olunur: “Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bütün bunlar diaspor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, güclənməsinə təkan verdi. Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Cəbhədən gələn xoş qələbə xəbərləri, ərazilərimizin erməni işğalından azad olunması həmvətənlərimizi daha da ruhlandırdı. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi”.
Aqil Məmmədova görə, ötən il Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayında, eləcə də digər rəsmi tədbirlərdə mühüm mesajlar verilib: “Qələbədən sonra Azərbaycana, dövlətimizə, xalqımıza qarşı haqsız iddialar, böhtanlar hələ də davam edir. Buna görə də mübarizə davam etməli, xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti daha da gücləndirilməlidir. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı, öz ölkəsi, vətəni ilə qürur duyur. İllərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib.
Ölkəmizdə 2023-cü il ulu öndər Heydər Əliyev ili çərçivəsində dahi liderin zəngin həyat və təcrübəsi, misilsiz siyasi irsi, azərbaycançılıq fəlsəfəsi, məfkurəsinin təbliği ilə vacib tədbirlər, görüşlər keçirilib. Bu görüşlərdə Dahi Şəxsiyyətin həyat və fəlsəfəsi, dünya görüşü bu günümüz, gələcəyimiz üçün örnək olacaq strategiyasının qalib Azərbaycanın daha da güclənməsinə, möhkəmlənməsinə xidmət etdiyi bir daha diqqətə çatdırılıb.
Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması da tarixi hadisə kimi yaddaşlara həkk olundu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Həmçinin bu il 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyi tam təmin edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi və verilmiş mesajlar bu böyük qürur hissi ilə xalqımızın yaddaşına həkk olundu. Qalib Azərbaycan Ordusu 8 noyabr 2020-ci ildə erməni silahlı qüvvələri məğlub etməklə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdisə, 2023-cü ilin aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə nəzarətin təmin olunması ilə ərazi bütövlüyümüz tam bərpa edildi. 2023-cü sentyabrın 20-də qələbə ilə yekunlaşmış lokal antiteror tədbiləri isə dövlət suverenliyimizin tam bərpası ilə başa çatdı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi. Tarixi ədalət və beynalxalq hüquq bərpa edildi.
Sözsüz ki, bundan sonra da soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür”.